İcbari tibbi sığorta bu il də reallaşmadı

2 İyun 2014 11:12 (UTC+04:00)

Məlum olduğu kimi, Azərbaycanda tətbiqi sözün əsl mənasında müşkülə çevrilən icbari tibbi sığortanın reallaşdırılması hələ də mümkün olmayıb. Bunun nə vaxt reallaşacağı isə hələ dəqiq bəlli deyil. Lakin Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev qeyd edir ki, gələn ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. Onun sözlərinə görə, Milli Məclisdə qanun qəbul edilməsinə baxmayaraq, müəyyən maliyyə məsələləri ilə bağlı icbari tibbi sığortanın tətbiqində gecikmə olub: "Hazırda Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün proqram işlənilir. Gələn ildən bu işin icrasına başlanıldıqdan sonra həkimlərin əmək haqlarının 3-dəfədən artıq yüksəldilməsinin şahidi olacağıq".

 Deputat vurğulayıb ki, icbari tibbi sığortanın tətbiqi nəticəsində ölkədə tibb işçilərinin əmək haqları fərqli olacaq: "Burada hər bir tibb işçisinin gördüyü işə və ən əsası həkimin xəstələrə göstərdiyi xidmətə görə əmək haqqı dəyişəcək. Həkimin göstərdiyi xidmətə görə, tibbi sığortadan ona əmək haqqı faizi gələcək. Hesab edirəm ki, işinin peşəsindən layiqincə gələn həkimin əmək haqqı 3 dəfə və bəlkə, bundan da çox artacaq".

Qeyd edək ki, 1999-cu ildə "Tibbi sığorta haqqında" qanun qəbul olunub. Bundan başqa, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. Lakin bütün bunlara baxmayaraq biz hələ də icbari tibbi sığortanın icrasına və tətbiqinə nail ola bilməmişik. Ötən il gözlənilirdi ki, cari ildə artıq bu sahədə problemlər öz həllini tapacaq və icbari tibbi sığorta ölkəmizdə reallaşacaq. Lakin hadisələri gedişatı göstərir ki, gözlənilən nəticə bu il də alına bilməyəcək.

Ölkədə icbari tibi sığortanın tətbiqinə mane olan problemlər, görülməli işlər haqda ekspertlər Mövqe.az-a açıqlama veriblər.

Belə ki, sığorta üzrə ekspert Mustafa Abbasbəyli bildirib: "Sadəcə olaraq, icbari tibbi sığortanın işləmə mexanizmi yoxdur. Onun üzərində iş getdiyi bildirilir. Məsələ ondan ibarətdir ki, icbari tibbi sığorta ölkədə əhaliyə pulsuz tibbi xidmətlərin göstərilməsini özündə ehtiva edir. Azərbaycanda isə artıq 2008-ci ildən tibbi xidmətlərin göstərilməsi tamamilə pulsuzdur. Bu baxımdan, icbari tibbi sığorta ilə bu xidmət ziddiyyət təşkil edir. Ölkədə ikisindən biri olmalıdır. Bir çox ölkələr icbari tibbi sığortanı, bəziləri isə, pulsuz tibbi xidməti tətbiq edir. Biz Azərbaycan olaraq pulsuz xidməti seçmişik. Ancaq indi təcrübə də, reallıq da göstərir ki, bunun effekti arzuolunan səviyyədə deyil. Ona görə də, icbari tibbi sığortanın tətbiqi getdikcə aktuallaşmağa başlayır. Bunun üzərində də çalışılır. Ehtimal olunur ki, bu il ərzində və yaxud da, önümüzdəki yaxın illərdə bununla bağlı yeniliklər olacaq".   

Sığorta üzrə ekspert Xəyal Məmmədxanlı isə Azərbaycanda sözügedən icbari tibbi sığortanın tətbiqi üçün bir sıra maneələrin olduğunu dedi: "İcbari tibbi sığortanın  2015-ci ilə kimi tətbiqi planlaşdırılmışdı. Amma bu sahədə bizdə bəzi problemlər var. Birinci problem ondan ibarətdir ki, hal-hazırda Azərbaycanda səhiyyə sektoru, xəstəxanalar, apteklər və s. mərkəzləşdirilmiş bir bazaya və ya idarəetmə sisteminə daxil olmalıdır ki, xəstələr bu xəstəxanalara yönləndirilən zaman onların hamısı mərkəz tərəfindən idarə olunsunlar. İkinci bir məsələ isə ondan ibarətdir ki, bu sahəyə dövlət büdcəsindən kifayət qədər böyük miqdarda pul vəsaiti ayrılmalıdır.  Çünki, tibbi sığorta işləməyənlər, tələbələr və ya müəyyən yaş qrupunda olan insanlar, təqaüdçülər üçün maaliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilməlidir. İşləyən  əhali isə təbii ki, işlədiyi müəssisə, şirkət tərəfindən maaliyyələşir. Yerdə qalan əhalinin isə digər maaliyyələşdirilmə sistemi var. Bu bir az da infrastruktur məsələsidir. Amma sığorta şirkətləri bu xidməti göstərməyə hazırdır".