Sosial şəbəkələr təhqir, yalan, böhtan problemi

2 İyun 2014 11:47 (UTC+04:00)

Sosial şəbəkələr və bloqosfera hər bir fərdə öz fikrini maneəsiz ifadə etmək imkanı yaratmaqla, həm də tam nəzarətsiz və məsuliyyət meyarının minimal tələblərə cavab verməyən bir məkan olaraq qəbul edilir. Faktdır ki, digər üstünlükləri ilə yanaşı, bu mühitdə insanların təhqir olunması, yalan, böhtan adi hala çevrilib. Problem də məhz ondan ibarətdir ki, vətəndaşlar barələrində gedən qeyri-obyektiv və ya bəzən alçaldıcı məlumatlara qarşı təsir göstərə bilmir. Sosial  şəbəkələrin bir çox hallarda dezinformasiya mənbəyinə çevrilməsi narahatlıq doğurur. Belə hallara qarşı  qanunvericiliklə mübarizə aparılması  əksər ölkələrdə xüsusi diqqət mərkəzindədir. 

Müvəkkil Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov Mövqe.az-a açıqlamasında bildirir ki, sosial şəbəkələrdə təhqirə yol verildikdə cinayət məsuliyyəti nəzərdə tutulur və bununla bağlı olaraq artıq bir neçə məsuliyyət məsələsi məhkəmə qaydasında həllini tapıb: "Məsələyə qanunvericilik kontekstində, həm də təhlükəsizlik kontekstində yanaşmaq olar. Düşünürəm ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu məsələyə ciddi nəzarət etməlidir. Problem diqqətdə saxlanmalı, təhlükəsizlik təmin edilməlidir. Sosial şəbəkədəki subyektin adından başqa adamın saxta profillər düzəltməsi, yalan məlumatın yayılmasının qarşısını almaq üçün qanunvericilikdə də müəyyən dəyişiklik etmək olar. Təkmilləşdirmə aparmaq olar. Amma təkcə qanunvericilik deyil, texniki qaydalara da  riayət olunmalıdır. Çünki ola bilər ki, kimsə məlumatı yayır, sonra silir. Nəticədə sübut eləmək olmur ki, şəxs onu yazıb. Ona görə də, şəbəkələrin texniki baxımdan da tənzimlənməsinə ehtiyac var". 

Digər hüquqşünas Ələsgər Məmmədli də Movqe.az-a bildirib ki, hər bir şəxs sosial şəbəkədə fəaliyyətnə görə məsuliyyətə cəlb edilə bilər: "Əgər hər hansı şəxs öz şəxsi səhifəsində məlumat yayırsa belə, o məlumatı özündən başqa ən azından dostları oxuyur. Yəni məlumat artıq ictimailəşir. Buna görə də, həmin şəxs istər-istəməz məsuliyyət daşıyır. Kimsə, məsələn, dövlətçilik əleyhinə məlumat yayıbsa, təhqiramiz sözlərdən istifadə edibsə, yalan məlumat yayıbsa, o, qanunvericiliyə görə, cinayət məsuliyyətinə cəlb edilir. Bəzi insanlar elə başa düşür ki, Azərbaycanda yaşayan və sosial şəbəkədə nəyisə paylaşan insan heç bir məsuliyyət daşımır. Elə deyil. Əgər şəxs Azərbaycandan kənarda yaşayırsa, onu tənzimləmək çətin ola bilər. Amma ölkə daxilində bu problem deyil".