Ermənistan Qarabağ ətrafındakı 7 rayonu qaytarır…

3 İyun 2014 08:28 (UTC+04:00)

Ermənistanın himayədarının təşəbbüsü ilə imzalanan Avrasiya İqtisadi İttifaqı (Aİİ) elə Ermənistanı çox çətin vəziyyətə salıb. Serj Sarkisyan hökuməti Dağlıq Qarabağ məsələsində açıq etiraflara başlayıblar. Erməni tərəfi eyni zamanda onu da dərk edir ki, Qarabağ münaqişəsinin mövcudluğu daim ona təzyiqlər edilməsi üçün Rusiyanın əlində vasitə olacaq. Bu fonda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan işğal altındakı 7 rayonun Azərbaycana qaytarılması ilə bağlı suala cavab verərkən maraqlı mövqe sərgiləyib: "ATƏT həmsədrlərinin son 5 bəyanatını nəzərdən keçirmək lazımdır." Erməni nazir "həmsədrlərin 5 bəyanatı" deyəndə nəyi nəzərdə tutduğunu açıqlamasa da, burada söhbət işğal altındakı 7 rayonun Azərbaycana qaytarılmasından və daha sonra digər ərazilərin azad olunmasından gedir.

Politoloq Taryel Faziloğlu bildirdi ki, Ermənistanın XİN-in belə bir bəyant verməsi anlaşılandır: "Çünki, Ermənistan hər bir halda 7 rayon üzərində durmur. Onun ən çox maraqlandığı Dağlıq Qarabağ məsələsidir. ATƏT-in son 5 bəyanatı, ABŞ və Fransa səfirlərinin dilə gətirdikləri bütün məsələlərin 7 rayon üzərində dayanılaraq Dağlıq Qarabağın yaddan çıxarılmasına yönələn bəyanatlardır. Ermənistan 7 rayonu boşaltmaqla Dağlıq Qarabağ məsələsini müəyyən qədər uzatmaq istəyir".

Politoloq daha sonra bildirir: "Dağlıq Qarabağla bağlı BMT-nin 4 qətnaməsi var. Onların heç birində tərəf olaraq Ermənistan göstərilmir. Ermənistan özü də 1998-ci ildə BMT-də açıq şəkildə bəyan etdi ki, Qarabağ məsələsində tərəf deyil. Amma məsələnin həllində nədənsə Ermənistan ilə masa arxasında otururuq. Öz ərazi bütövlüyümüzün pozulması antiterror fonunda dəyərləndirməlidir. Konkret olaraq antiterror əməliyyatlarına başlayıb, özümüzün beynəlxalq təsbit olunmuş ərazilərimizdə dövlət nəzarətini bərpa etməliyik".

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı qeyd edir ki, bu bəyanat olduqca düşündürcüdür: "Son zamanlar regionda, beyənlxalq aləmdə yaşanan hadisələr Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində də müəyyən imkanlar açıb. Bu fürsətlərdən Ermənistanın necə istifadə edəcəyi də maraqlıdır. Bu günə qədər problemin sülh yolu ilə həll olunması istiqamətində təxminən 20 il vaxt keçsə də, Ermənistanın konstruktiv siyasət həyata keçirməməsi nəticəsində istənilən nəticə əldə olunmayıb. Avrasiya İqtisadi İttifaqının (Aİİ) Astana zirvə toplasında Prezident İlham Əliyevin gösndərdiyi məktub Ermənistanı çıxılmaz vəziyyət qarşısında qoyub. Prezident İlham Əlievin belə bir məktub göndərməsi son illərdə Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində və ümumən Ermənistana təzyiq məsələsində çox ciddi strateji addımdır. Həqiqətən də bu məktubdan sonra Ermənistan hökuməti "pat" vəziyyətindədir. Bunun üçün də Ermənistan müxtəlif bəyanatlar dilə gətirsə də, hələ ki erməni ictimai rəyini sakitləşdirə bilmir. Bu məktubdan sonra Serj Sarkisyanın "biz Dağlıq Qarabağla bərabər Aİİ-ə daxil olacağımızı heç zaman demədik" və bu kimi başqa ifadələr işlətməsi Ermənistan cəbhəsində ciddi narazlığın olmasının göstəricisidir. Bundan başqa, E. Nalbadyanın "problemin həll olunması istiqamətində həmsədr dövlətlərin verdikləri bəyanatlar əsas olmalıdır" deməsi də bizi düşünməyə sövq edir. Həmsədrlər bütün bəyanatlarında problemin sülh yolu ilə və Azərbaycanın sərhədləri daxilində, eyni zamanda xalqların öz müqəddəratının özlərinin həll etməsini göstəriblər. Amma eyni anda dövlətlərin ərazi bütövlüyünün qorunması və xalqların müqəddarıtını təyin etməsi prinsipini həyata keçirmək mümkün deyil. Həm də Ermənistan bir dəfə öz müqəddaratını təyin edib və Ermənistan Respublikasını qurub. İkinci dəfə ermənilərin yenidən öz müqəddəratını təyin etməsi Azərbaycan tərəfindən qəbul edilməzdir. E.Nalbadyan açıqlamasında problemin necə həll olunacağını açıq şəkildə ifadə etməsi "Madrid prinsipi" ləri ilə üst-üstə düşür. Bu baxımdan hələlik Ermənistan Astana toplantısı üzərindən Dağlıq Qarabağın həll oulnması istiqamətində ciddi addım atmayacaq".