Rusiyanın yeni vətəndaşlıq siyasəti azərbaycanlılar üçün keçərli olmadı

3 İyun 2014 08:40 (UTC+04:00)

Rusiya vətəndaşlığının əldə olunması prosesinin postsovet ölkələri üçün asanlaşdırılması artıq bəzi MDB dövlətlərindən şimal qonşumuza üz tutanların sayının artması ilə müşayiət olunur. Bu xüsusda Orta Asiya ölkələri, Ermənistan vətəndaşları seçilir. Azərbaycandan isə Rusiya vətəndaşlığını qəbul edərək bu ölkəyə üz tutanların sayı demək olar ki, yox dərəcəsindədir. Belə iddialar səslənir ki, bu halda Moskva Rusiyada çalışan azərbaycanlı miqrantlara qarşı təzyiq rıçaqlarını işə sala bilər.

Məsələni şərh edən miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, Takicistan və Türkmənistan Rusiya ilə ikili vətəndaşlıq haqqında sazişə imza atıblar: "Rusiya həmin ölkələrin sakinləriən vətəndaşlığını verir. Həm də əksinə, həmin dövlətlər Rusiyanın vətəndaşlığını tanıyırlar. Bu baxımdan da tacik və türkmənlər çox sərbəst şəkildə, yəni öz vətəndaşlığını itirmədən Rusiyanın vətəndaşlığını əldə edə bilirlər. Bu da Rusiya vətəndaşlığını almış tacik və türkmənlərin sayının çoxalmasına şərait yaradır. Rusiyanın azərbaycanlılarla isə konkret olaraq bir tələbi var. Azərbaycanlılar Rusiya vətəndaşlığı almaq üçün mütləq öz ölkəsinin vətəndaşlığından imtina etməlidirlər. Şəxs vətəndaşlığından imtina etdikdən sonra o, Rusiya vətəndaşlığı ala bilər. Digər bir hal da ondan ibarətdir ki, azərbaycanlılar digər millətlərdən fərqli olaraq öz dövlətinə, torpağına daha çox bağlıdırlar. Təcrübə onu göstərir ki, tək Rusiya yox, başqa ölkələrə gedən vətəndaşlarımız hətta bir neçə ildən sonra belə yenə də Azərbaycana qayıdırlar və Azərbaycan vətəndaşlığından imtina etmirlər. Bu da Vətənə bağlılıq ilə şərtlənən məsələdir. Yəni, bu iki hal – vətəndaşlıqdan imtina etmə şərtinin konkret olaraq qoyulması və vətənpərvərlik hissinin güclü olması ona gətirib çıxarıb ki, azərbaycanlılar Rusiya vətəndaşlığını az qəbul edirlər. Ancaq Azərbaycan Respublikası vətəndaşlığından imtina edənlər də var. Buna da müxtəlif səbəblər ola bilər".

Ekspert əlavə etdi ki, vətəndaşlığın əldə olunması ilə bağlı Rusiya tərəfi sadələşdirlmiş prosedur qaydaları müəyyənləşdirir: "Burada vacib şərt kimi öz ölkələrinin vətəndaşlığından imtina etməni gündəmə gətirirsə, digər tərəfdən isə əmək miqrasiyası sahəsində də müəyyən liberallaşmanın şahidi oluruq. Vaxtı ilə Rusiyada əmək kvotası deyilən alət var idi. Həmin alət vasitəsi ilə Rusiyada il ərzində əməkçi miqrantlar iqtisadiyyatın müxtəlif sahələrində işə cəlb olunurdular. Artıq Dövlət Dumasında əmək kvotasının bütövlükdə götürülməsi ilə bağlı yeni qanun layihəsi ilə çıxış edirlər. Çox güman ki, qəbul olunacaq. Əmək kvotası götürüldüyü halda əməkçi miqrantlar üçün geniş imkanlar açılacaq. Sadəcə olaraq, əmək münasibətlərini qurarkən miqrant bunu sırf qanuni şəkildə həyata keçirməlidirlər. Baxmayaraq ki, vətəndaşlıqdan imtina məsələləri var. Vətəndaşlıqdan imtina edib, Rusiya vətəndaşlığının əldə olunması məsələsi ticarət sahəsində əmək fəaliyyəti ilə məşğul olmaq istəyən miqrantlara maraqlı ola bilər. Çünki, Rusiya qanunu qeyri-Rusiya vətəndaşlarının əmək fəaliyyəti ilə məşğul olmasına icazə vermir. Yəni, yalnız bu məsələyə görə bizim miqrantlar Rusiya vətəndaşlığını əldə etmək istəyində olublar. Amma qalan əksəriyyəti orada qalmalarını qanuni şəkildə həyata keçirdikləri 90 gün bitdikdən sonra öz ticarət işlərini kənardan idarə edirlər. Nəticə etibarı ilə bu sərt qaydadan bir qədər yayınmış olurlar".