NATO da Azərbaycana silah satacaq…

4 İyun 2014 08:30 (UTC+04:00)

Məlumdur ki, NATO-ya üzv Qərb ölkələri bu günə qədər Azərbaycana silah satmaqdan imtian edir. Yalnız Türkiyə Azərbaycan ordusunun silah-sursat baxımından möhkəmlənməsinə öz töhfəsini verir. İndi isə Ukraynada baş verən son hadisələr göstərdi ki, NATO-nun bu istiqamətdə indiyə kimi atdığı addım özünü doğrultmur.

Hərbçi ekspert Üzeyir Cəfərov NATO-nun bundan sonra Azərbaycana silah satışınımümkün sayır: "Bir-biri ilə müharibə aparan ölkələrə silah satılması məsələsində rəsmən qadağa olsa da, çox dövlətlər buna əməl etmir. Faktiki olaraq, bir sıra aparıcı dövlətlərin timsalında müşahidə etməkdəyik ki, Rusiya münaqişə tərəfi olan işğalçı Ermənistana, Dnestryanı bölgəyə silah verir. O cümlədən, digər ölkələrə, həmçinin Azərbaycana da silah satır. Belə olan təqdirdə niyə də NATO ölkələri özlərinin ziyanına işləyəcək addım atsın? Onlar çox asanlıqla, qeyri-rəsmi də olsa silah satışı məsələsində bütün prosesləri həyata keçirirlər. Hər il Birləşmiş Millətlər Təşkilatına təqdim olunan siyahıda hansı ölkələrin nə qədər silah-sursat aldığını görürük. Türkiyə Azərbaycana silah satılması məsələsində müəyyən addımlar atır və ölkəmizi dəstəkləyir. Düşünürəm ki, Ukraynada baş verən son olaylar dünyada çox məqamlara yenidən baxılması məsələsini gündəmə gətirib. O cümlədən, münaqişə vəziyyətində olan ölkələrə də silah-sursat satılması istiqamətində yəqin yeni meyarlar müəyyənləşəcək. Azərbaycan onsuz da bu illər ərzində keçmiş SSRİ-dən qalma silah-sursat arsenalını xeyli dərəcədə dəyişib, yeniləyib. Bu proses hazırda da davam edir. 2011-ci ildə Rusiya ilə imzalanan müqaviləyə əsasən Azərbaycana T-90S tankları artıq gəlməyə başlayıb. Həmin tankların ikinci partiyası avqustda gətiriləcək. O cümlədən, Rusiya Ermənistana xeyli silah-sursat verib. Türkiyə Gürcüstana kömək edib. Hesab edirəm ki, münaqişə tərəflərinə silah satılmaması ilə bağlı əvvəlki illərdə qəbul olunmuş qərarlar müasir dövrün tələblərinə rəğmən özünü doğrultmur. Ona görə də bu sahədə yeni əməkdaşlıq münasibətləri yaranmaqdadır".

Politoloq Elman Nəsirli qeyd etdi ki, Azərbaycan NATO münasibətləri nisbi inkişaf tempinə malikdir: "Prezident İlham Əliyev 2014-cü ilin yanvarında Brüsseldə rəsmi səfərdə oldu. Bu səfər gedişində məlum oldu ki, ikitərəfli münasibətlərdə etimad mühiti formalaşıb. Azərbaycanın Əfqanıstanda antiterror prosesində yaxından iştirakı, beynəlxalq sülhyaratma qüvvələrinə dəstək verməsi, öz hava məkanını NATO üçün açması, bunlar bir daha təsdiqləyir ki, Azərbaycan-NATO münasibətləri strateji xətt üzrə inkişaf edir. 2014-cü ildən başlayaraq biz yeni missiyanı həyata keçirəcəyik. Azərbaycan bir neçə dövlətlə birgə Əfqanıstanda yenidən təmsil olunacaq. Burada treninqlər, məsləhətləşmələr prosesində yaxından iştirak edəcəyik. Heç şübhəsiz bu proses qarşılıqlıdır. Azərbaycanın NATO-nun müxtəlif sülhyaratma əməliyyatlarına dəstək verməsi, eyni zamanda, qurumun da ölkəmizlə hərbi təhlükəsizlik sahəsində əməkdaşlığını genişləndirmək imkanları yaradır. Türkiyə vasitəsilə ordumuzun NATO standartlarına uyğunlaşması istiqamətində ciddi addımlar atılır. Azərbaycan ərazisi işğala məruz qaldığından, o, həm də hərbi baxımdan güclənmək hüququnu özündə saxlayır. Bu isə heç bir halda Avropada Adi Silahların Məhdudlaşdırılması Haqqında 1997-ci ildə qəbul edilən müqavilənin pozulması demək deyil. Çünki, ərazisi işğala məruz qalan dövlətin hərbi baxımdan güclənməsi qanuna ziddirsə, belə olanda qanuna zidd deyən tərəflər zəhmət çəkib təcavüzün qarşısını alsın və yalnız bundan sonra sözügedən müqavilə şərtlərinin pozulub-pozulmamasından danışsınlar. Azərbaycanın hazırda silah alınması məsələsində İsraillə ciddi əməkdaşlığı var. Bu yaxınlarda İsraildən 1,6 milyard dollarlıq silah almışıq. Həmin istiqamətdə ölkəmizin NATO ilə də əməkdaşlığı var. Azərbaycan dəfələrlə bəyan edib ki, işğal faktoru olduğundan dünyanın müxtəlif silah satan dövlətlərindən, o cümlədən NATO ölkələrindən ərazi bütövlüyün bərpası məqsədindən qaynaqlanaraq modern silahlar alır. Amma hansı dövlətdən nə qədər silah alındığı barədə hesabatlar vermirik. Ermənistan onun fərqində olsun ki, Azərbaycan istənilən halda, torpaqlarını hərbi yolla geri qaytarmaq potensialı və imkanına malikdir. Bu iqtisadiyyat, siyasi sabitlik və ölkəmizin hərbi gücü baxımından belədir. Hansı ki, bu imkanları da müxtəlif yollarla əldə etmişik. Eyni zamanda, içərilərində NATO dövlətlərinin də olduğu güclü ölkələrdən silah-sursat almaqla da güclənirik. Bizim siyasətimiz haqq siyasətidir, torpaqların azad olunmasına istiqamətlənən bir siyasətdir".