Kompüterlər təhlükəli casus silahına çevrilir

5 İyun 2014 08:05 (UTC+04:00)

Çin bir sıra federal müəssisələrə, banklara ABŞ ilə ilə hər hansı bir əlaqəsi olan kompaniyalardan kompüter sistemləri və müxtəlif informasiya texnologiyaları almamağı tövsiyə edir. Çin rəsmilərinin sözlərinə görə, bu tədbir ABŞ tərəfindən kibercasusluğun qarşısını almaq üçündür. Bəzi Qərb ölkələri də Çin istehsalı olan kompüter müəssisələri ilə bağlı analoji addımlar atırlar. Onlar Çin istehsalı olan informasiya texnologiyalarından istifadə etməməyi vacib hesab edirlər.

Mütəxəssislərin fikrincə, belə qadağalar təhlükəsizlik məqsədi ilə yanaşı, həm də iqtisadi xarakter daşıyır. Məsələnin kibercasusluq tərəfi isə tək sözügedən ölkələri narahat etmməməlidir. Çünki, bu gün informasiya texnologiyaları demək olar ki, bütün dünyaya məhz Çin və Qərb ölkələrindən, eləcə də Yaponiyadan paylanır. Təbii ki, istehlakçı ölkələr arasında Azərbaycan da var.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirdi ki, istənilən halda dövlətlər informasiya texnologiyalarından istifadə edəndə özlərinin informasiya təhlükəsizliyi məsələlərini nəzərə alırlar: "Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı aiddiyatı qurumlar var. Milli Təhlükəsizlik Nazirliyinin bununla bağlı müəyyən səlahiyyətləri var. Eyni zamanda Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaranıb. Bu qurumlar araşdırma apara bilər. Yəni, Asiya, ABŞ, yaxud Avropa istehsalı olmuş informasiya texnologiyaları vasitələrindən istifadə etməyimizi araşdırıb qərar qəbul etmək olar. Hansı məqsədlər üçün hansından istifadə etməyimizi onlar aydınlaşdırmalıdırlar. Həmçinin, təklif olunan avadanlıqların, proqram təminatlarının sertifikatının olub-olmaması, lazım olan standartlara cavab verməsini öyrənmək mümkündür. Dünyada bununla bağlı oturuşmuş standartlar var. Azərabcyan qanunvericiliyində informasiya təhlükəsizliyi vasitələrinin sınaqdan keçirilməsi ilə bağlı da müəyyən müddəalar nəzərdə tutulub. Aidiyyatı qurumlar isə xüsusi əhəmiyyət kəsb edən yerlərdə işlənəcək proqram təminatları, həm də avadanlıqlarla bağlı qabaqcadan müəyyən rəy hazırlaya bilirlər. Xüsusən də Azərbaycan müharibə şəraitində olan bir ölkədir deyə, hərbi, kəşfiyyat, təhlükəsizlik məqsədləri üçün istifadə olunan proqram təminatlarının, avadanlıqların əvvəlcədən ekspertiziadan keçirilməsi, dünya standartlarına uyğunluqlarının yoxlanılması zəruri olardı. Bundan sonra hansı regionun texnikasından istifadə etməyimiz barədə qərar qəbul edilə bilər. ABŞ, Avropa, Asiya ölkələrinin avadanlıqlarla bağlı iddiaları var. Bu iddiaları da əsaslandırmaq üçün müəyyən arqumentlər irəli sürürlər".

İKT üzrə ekspert Cahid İsmayıl bildirdi ki, Çin və Qərbin belə tələbində əsasən iqtisadi maraqlar dayanır: "Yəni, Qərb Çinin kompüter sahəsində nəhəng istehsalının qarşısında aciz qalıb. Ona görə də ABŞ, həm də digər Qərb ölkələri belə tövsiyə edir ki, kompüter istehsalı əlindən tam çıxarmasın. Amma artıq gecdir. Çin bütün elekrtron istehsalatı tam şəkildə ələ keçirib".

Ekspert əlavə etdi ki, təhlükəsizlik məsələsində əsas kompüterlərin istehsalı yox, onların proqram təminatıdır: "Ona görə də biz ilk növbədə öz milli kompüter sistemimizi yaratmalıyıq. Bu da çox uzun bir prosesdir. Gənc bir dövlət olaraq Azərbaycan üçün tezdir. Eyni zamanda iqtisadi maraqlar baxımından Azərbaycan kompüter istehsalatına həyata keçirə bilər. Çünki, bizdə işçi qüvvəsi, şərait və investisiya var. Elektrotexnikanın istehsalında da əsas işçi qüvvəsidir. Hətta bunu ixrac da edə bilərik".

Cahid İsmayıl qeyd etdi ki, istənilən texniki avadanlığı istehsal edəndə xüsusi casus proqramlarını onun tərkibinə yazmaq mümkündür: "Amma bu, kütləvi xarakter daşımır. Müxtəlif yerlərə satılan kompüterlərin daxilində ola bilər. Həm də ABŞ üçün "casus proqramı"nı kompüterin yaddaşına yükləmək üçün istehsal prosesi vacib deyil. ABŞ uzaqdan belə hansısa "casus proqramı"nı yerləşdirməyə malikdir".