Əmlak və maşın barədə vergi orqanlarına məlumat vermək məcburi olacaq?!

5 İyun 2014 08:31 (UTC+04:00)

Gələn ildən Rusiyada bütün fiziki şəxslər malik olduqları daşınmaz əmlak və nəqliyyat vasitələri barədə vergi orqanlarına məlumat verməlidirlər. Burada məqsəd onlardan tutulan verginin normal yığımını təmin etməkdir. Bu yolla Rusiya hökuməti müəyyən dərəcədə vergidən yayınma hallarının qarşısını almağı düşünür. Azərbaycanda da bir sıra hallarda fiziki şəxslər malik olduqları əmlakı gizlətmək və ya tam dolğun məlumat verməməklə, vergidən yayınma hallarına yol verirlər. Buna son qoymaq üçün maraqlıdır, Azərbaycanın da Rusiyada tətbiq olunacaq həmin təcrübədən yararlanması mümkündürmü?

"Əmlak Bazarı İştirakçılrı" İctimai Birliyinin sədri Ramil Osmanov belə bir təcrübənin tətbiqini mümkün hesab etsə də, əsas diqqətin daşınmaz əmlakın reyestr və qeydiyyatı məsələlərinə yönəldilməli olduğunu söylədi: "Bu kimi təcrübələrin ölkəmizdə də tətbiqi sözsüz ki, mümkündür. Xüsusən də MDB məkanında olan ölkələrin mövcud qanunvericilik akt və normativ sənədləri bir-birinə daha çox uyğun gəlir. Amma söhbət ondan gedir ki, hazırda Azərbaycanda faktiki olaraq istər daşınmaz əmlakın reyestr xidməti, istər torpaq kadastrı istiqamətində, yəni ünvan qeydiyyatı sahəsində problemlər qalmaqdadır. Bu problemlər bitməyənə qədər həmin məsələlər istiqamətində konkret ciddi addımlar atıla bilməz. Yalnız dediyim bu problemlərin həllindən sonra sahə üzrə müəyyən irəliləyişlərə nail olanacaq. Zənnimcə, Azərbaycanda verginin rəsmi hissəsindən kənar olan ödənişlərin dayandırılması da bu istiqamətdə ciddi irəliləyişlərə gətirib çıxarar, nəinki fiziki şəxslərin daşınmaz əmlakları haqda vergi orqanlarına məlumat vermələri kimi kampaniyalar. Azərbaycanda vergi sistemində xidmət göstərən ayrı-ayrı məmurlar, fərdlər düşünməlidir ki, verginin həcminin artırılması, bütün əmlak subyektlərin vergiyə cəlbi əslində, məhz bu problemlərdən asılıdır. Azərbaycanda nə qədər ki, vətəndaşdan yol vergisinə görə artıq vəsait alınır, nə qədər ki, əmlak vergisinin dəyəri qanunvericilik tələbinə uyğun şəkildə hesablanmır, bu cür problemlər olacaq. Bunun üçün nəinki Rusiya, hətta demokratik dövlətin qanunvericiliyində müəyyən olunan normaların ölkəmizdə tətbiqi heç nəyi dəyişməyəcək".

Ekspert Azər Allahverənov isə qeyd etdi ki, indilikdə Rusiya təcrübəsinin ölkəmizdə tətbiqinə ciddi ehtiyac yoxdur: "Azərbaycanda da fiziki şəxslərin malik olduqları daşınmaz əmlak və nəqliyyat vasitələri barədə vergi orqanlarına məlumat verməsinin məcburiliyinə tərəfdar olanlarla yanaşı, əleyhinə olanlar da var. Rusiya kimi böyük dövlətdə ola bilsin, belə yeniliyin tətbiq olunmasına hazırda zərurət var. Çünki orada milyonlarla nəqliyyat vasitəsi, daşınan və daşınmaz əmlak arasında qeydiyyatda olmayanlar da mövcuddur. Rusiya hökuməti atdığı bu addımla çalışır ki, həmin sahədə ən azıından dəqiq informasiyaya malik olsun.

Azərbaycanda isə düşünürəm ki, indilikdə buna ciddi zərurət yoxdur. Məsələ ondadır ki, ölkəmizdə nəqliyyat vasitələri hər il texniki baxışdan keçirilir. Bu zaman da bütün nəqliyyat vasitələrinin qeydiyyatı baş verir. Həmin nəqliyyat vasitələri ilə bağlı informasiya məlumat bazasına verilir. Burada diqqətdən kənar qalma hadisəsi olmur. Nəqliyyat vasitəsi qeydə alınmırsa, deməli, o ölkə ərazisində istismar oluna bilməz. Rusiyada isə nəzarətdə olmayan kifayət qədər nəqliyyat vasitəsi, daşınmaz əmlak vardır. Azərbaycanda isə belə tendensiya yoxdur. Çünki, miqyas baxımından Rusiyadan dəfələrlə kiçiyik. Həmçinin, ölkəmizdə qeydiyyat sistemi ilə bağlı təkmil qaydalar mövcuddur. Artıq bir neçə ildir ki, Azərbaycanda daşınmaz əmlakın dövlət reyestri xidməti vasitəsi ilə prosesin qeydiyyatı aparılır, çıxarışlar alınır, digər sənədlər qaydasına salınır. Azərbaycanda habelə, mülkiyyət və nəqliyyat vasitələri bir qayda olaraq qeydə alınan zaman müəyyən olunmuş rüsumlar və digər vergi formaları da tətbiq olunur. Ona görə də vergi yığımının tkmilləşdirilməsi baxımından məsələnin bu formada qabardılmasına ehtiyac görmürəm. Çünki, buna bənzər sistemlər artıq Azərbaycanda qüvvədədir".