Nazirliyə min nəfər testlə işə qəbul olunub

4 İyun 2014 18:58 (UTC+04:00)

Bu gün Vergilər Nazirliyində vergi orqanlarına işə qəbul olunmaq üçün test imtahanından müvəffəqiyyətlə keçmiş 76 nəfər namizədlə görüş keçirilib. Nazirliyin Analitik-informasiya şöbəsindən Movqe.az-a verilən məlumata görə, insan resursları idarəsinin rəisi, baş vergi xidməti müşaviri Faiq Şahbazov işə qəbulun test mərhələsini müvəffəqiyyətlə başa vurmuş namizədləri salamlayaraq onları təbrik etmiş, yaxın günlərdə müsabiqə komissiyası tərəfindən keçiriləcək müsahibədə 70 baldan yuxarı toplamış bu gənclərin iştirak etmək imkanı qazandıqlarını bildirərək onlara uğurlar arzulayıb. F.Şahbazovun sözlərinə görə,Vergilər Nazirliyi ölkəmizdə işə qəbulu test üsulu ilə keçirməyə başlamış ilk mərkəzi icra hakimiyyəti orqanıdır. İndiyədək keçirilmiş 9 belə müsabiqə nəticəsində vergi xidmətinə1000 nəfərdən çox gənc kadr işə qəbul olunub, indi isə daha 76 nəfər namizəd növbəti mərhələdə öz qüvvələrini sınamaq imkanı qazanıb. Qeyd olunub ki, test imtahanında iştirak etmək üçün elektron ərizə ilə müraciət edən 2303 nəfərin 1931-nin sənədləri qəbul olunmuş, imtahanda 1390 nəfər iştirak edib. Test imtahanında uğur qazanmış 76 nəfər növbəti mərhələdə Vergilər Nazirliyinin Aparatında müsabiqə komissiyası tərəfindən müsahibədən keçməlidirlər. Bu mərhələdən də uğurla keçən namizədlər vergi orqanlarında işlə təmin olunmaq imkanı əldə edəcəklər. Xatırladırıq ki, müsahibənin dəqiq vaxtı və nəticələri barədə Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) və kütləvi informasiya vasitələrində məlumat veriləcəkdir.