TQDK-dan məzunlara buraxılış imtahanı xəbərdarlığı

5 İyun 2014 15:11 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu ay respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək . TQDK-nın mətbuat xidmətindən Movqe.az-a  verilən xəbərə görə, ilk buraxılış imtahanı (IX və XI siniflər üçün) iyunun 8-də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda təşkil olunacaq. Həmin gün eyni zamanda qeyd olunan şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər. Eyni gündə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdləri üçün də buraxılış imtahanı keçiriləcək.

Bu imtahanlarda ümumilikdə 70706 şagirdin imtahan verəcəyi gözlənilir. Saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.  Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.
Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.