Yük maşını avtomobili əzdi: yaralılar var

6 İyun 2014 11:32 (UTC+04:00)

Ağır yol qəzasında yaralanan 2 nəfər xəstəxanaya yerləşdirilib

Bu gecə saat 01:00 radələrində Lənkəranda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. 


Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, Ələt-Astara magistralının 203-cü kilometrliyində, rayonun Şilavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonunun Darquba kənd sakini, 42 yaşlı Eyvaz Yusubovun idarə etdiyi "ZİL" markalı yük maşını 28 yaşlı Lənkəran rayon sakini Asif Tağıyevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobilinə yol verməyərək ona çırpılıb.


Güclü zərbədən "VAZ-2107" markalı avtomobil deformasiyaya uğrayıb, həmçinin sürücü və onun yanındakı sərnişin, Lənkəran rayonunun Şağlaküçə kənd sakini, 43 yaşlı Sənan Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Hər iki yaralıya müvafiq tibbi yardım göstərilib.


İlkin versiya kimi qəzanın "ZİL" markalı avtomaşının baş yola çıxarkən sağdan gələn nəqliyyat vasitələrinə yol verməməsi səbəbindən baş verdiyi bildirilir.


Hazırda faktla bağlı araşdırma aparılır. Yekun nəticə isə avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.