Buraxılış imtahanlarına 70 min şagird qatılacaq

6 İyun 2014 12:41 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 8-də keçiriləcək ilk buraxılış imtahanları ilə bağlı bəzi statistik məlumatları açıqlayıb.  Movqe.az-ın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, bu imtahanlarda ümumilikdə 70 706 şagirdin imtahan verəcəyi gözlənilir. Onun sözlərinə görə, saat 10.00-da IX sinif şagirdləri, 15.00-da isə XI sinif şagirdləri biliklərini nümayiş etdirəcəklər: "İyunun 8-də orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda  ümumilikdə 77 imtahan mərkəzi ayrılıb. İmtahan Bakı şəhərində 64, Sumqayıt şəhərində 7, Abşeron rayonunda isə 6 binada aparılacaq. Həmin gün Bakı şəhərində 31738, Sumqayıt şəhərində 4060, Abşeron rayonunda isə 2943 nəfər şagirdin imtahanda iştirakı nəzərdə tutulur". 

M. Abbaszadə qeyd edib ki, orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda  ümumilikdə 77 imtahan mərkəzi ayrılıb. Onun sözlərinə görə, imtahan Bakı şəhərində 64, Sumqayıt şəhərində 7, Abşeron rayonunda isə 6 binada aparılacaq: "Həmin gün Bakı şəhərində 23755, Sumqayıt şəhərində 3359, Abşeron rayonunda isə 1881 nəfər şagirdin imtahanda iştirakı nəzərdə tutulur. Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdlərinin buraxılış imtahanları üçün adı çəkilən şəhərlərin hər birində 1 imtahan mərkəzi yaradılıb. İyunun 8-də həmin şəhərlərin orta ümumtəhsil müəssisələrinin  rus bölməsinin IX sinfində  təhsil alan 1605 nəfər şagirdi, 1365 nəfər isə XI sinif şagirdi imtahan verəcək. Bu imtahanların idarə edilməsi üçün ümumilikdə 344 imtahan rəhbəri, 3190 nəzarətçi-müəllim ayrılıb". 

Qeyd edək ki, ilk buraxılış imtahanı (IX və XI siniflər üçün) iyunun 8-də Bakı, Sumqayıt  şəhərlərində və Abşeron rayonunda keçiriləcək. Həmin gün eyni zamanda qeyd olunan şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər. 

Eyni gündə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdləri üçün də buraxılış imtahanı təşkil olunacaq.