Alternativ məhkəmə ekspertiza qurumları yaradılacaq?

6 İyun 2014 17:10 (UTC+04:00)

Azərbaycanda alternativ məhkəmə ekspertiza qurumlarının yaradılması təklif edilir

Milli Məclisin deputatı Zahid Oruc Trend-ə açıqlamasında bildirib ki, son dövrlər məhkəmə hüquq sisteminin təkmilləşdirilməsi üçün uğurlu islahatlar aparılıb. 


Lakin məhkəmə işlərinin obyektivliyini daha da artırmaq üçün alternativ məhkəmə ekspertiza qurumları yaradılmalıdır.


Deputat deyib ki, bu gün müxtəlif məhkəmə çəkişməsində üz-üzə dayanan tərəflər arasında ən çox inamsızlıq doğuran məsələlərdən biri ekspertizanın obyektivliyidir. Onun sözlərinə görə, ekspertizanın obyektivliyi məsələsi tərəflərin hansı birinin haqlı olub-olmamasından asılı olmayaraq, bütövlükdə işə təsir edir: "Təəssüf ki, Azərbaycanda özəl məhkəmə prosesi yoxdur. Bu, yalnız dövlətin müvafiq qurumları tərəfindən həyata keçirilir".


Z.Oruc alternativ məhkəmə ekspertiza qurumlarının yaradılması üçün qanunvericiliyə dəyişikliyi labüd sayır.


Qeyd edək ki, bir qrup ekspert məhkəmə ekspertizasının dövlətin inhisarından çıxarılması ilə müstəqil ekspertiza qurumlarının yaradılmasını zəruri hesab edir.


Alternativ mövqedə olanlar isə belə iddia edirlər ki, müstəqil ekspertiza qurumlarının yaradılması bu sahədə qarışıqlıq yaradacaq və əldə olunan ekspert rəylərinin həqiqiliyi şübhə altında olacaq.