Cəmil Çiçək Azərbaycana gəlir

6 İyun 2014 18:55 (UTC+04:00)

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək iyunun 11-də Azərbaycana gələcək.

 

Türkdilli ölkələrin Parlament Assambleyasından APA-ya verilən məlumata görə, C. Çiçək qurumun Bakıda keçiriləcək V plenar sessiyasında iştirak etmək üçün Azərbaycanda səfərdə olacaq.

 

Plenar sessiya iyunun 12-13-də keçiriləcək. Toplantıda TürkPA-nın illik fəaliyyəti təhlil ediləcək. Təşkilat katibliyinin ötən ilin büdcəsinin icrasına dair hesabatları dinləniləcək, təşkilati məsələlərə, o cümlədən TürkPA katibliyinin 2015-ci il üçün büdcə layihəsinə baxılacaq, təşkilatın VI plenar sessiyasının vaxtı və yeri müəyyən olunacaq. V plenar sessiyanın yekunları üzrə Bakı Bəyannaməsi qəbul ediləcək.

 

Sessiyaya MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti də qatılacaq.

 

Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) sədrlik Türkiyədən Azərbaycana keçəcək.