Kitakyuşu şəhəri ilə Xətai rayonu qardaş şəhər oldular
7 İyun 2014 10:27 (UTC+04:00)
Yaponiyada səfərdə olan Azərbaycanın bir sıra
şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə
heyəti iyunun 6-da Kitakyuşu şəhərinə səfərə gediblər. Movqe.az
Azərtac-a istinadən xəbər verir ki , Küsü adasında yerləşən və
"Ağıllı şəhər" layihəsi çərçivəsində şəhərsalma, ətraf mühitin
mühafizəsi, inkişaf və təhlükəsizlik sahələrində böyük uğurlar
qazanmış bu şəhərə səfərin məqsədi həm həmin sahələrdə qazanılmış
təcrübəni öyrənmək, həm də regional tərəfdaşlığı inkişaf etdirmək
olub.
Kitakyuşu şəhər meriyasında keçirilən görüş zamanı
mer Kenci Kitahaşi qonaqları salamlayıb, şəhərin planlaşdırılması,
ekoloji təmizlik, müasir texnologiyaların tətbiqi və təhlükəsiz
infrastrukturun təşkili barədə əldə edilmiş təcrübədən danışıb.
Azərbaycan regionlarının sürətli inkişafı barədə məlumatlı
olduqlarını diqqətə çatdıran mer qarşılıqlı tərəfdaşlığın hər iki
tərəf üçün faydalı olacağını vurğulayıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident
Administrasiyasının Regional idarəetmə və yerli özünüidarətmə
orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov ölkəmizin
regionun lider ölkəsinə və dünya dövlətlərinin etibarlı tərəfdaşına
çevrildiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə də böyük ekoloji layihələr həyata
keçirilir, regionların inkişafına xüsusi diqqət yetirilir.
H.Mövsümov "Ağıllı şəhər" layihəsinin tətbiqi və müasir şəhərsalma
təcrübəsinin Azərbaycan tərəfi üçün maraqlı olduğunu qeyd edib,
Kitakyuşu şəhəri ilə Bakının Xətai rayonu arasında əməkdaşlığın hər
iki tərəf üçün faydalı olacağını bildirib.
Natiq Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ
münaqişəsi, problemin həlli ilə bağlı Azərbaycan rəhbərliyinin
beynəlxalq hüquq normalarına uyğun, ədalətli mövqeyi haqqında
məlumat verilib.
Qeyd edilib ki, 1992-ci ildə ermənilərin Xocalı
şəhərində törətdiyi soyqırımı ilə bağlı "Ana harayı" abidəsi məhz
Xətai rayonu ərazisində yerləşir.
Görüşdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin
başçısı Razim Məmmədov rayonun sosial-iqtisadi göstəriciləri barədə
məlumat verib, Prezident İlham Əliyevin Sərəncamı ilə icrasına
başlanılmış "Ağ şəhər" layihəsindən danışıb. Qeyd olunub ki,
Azərbaycan paytaxtının simasına xüsusi gözəllik qatacaq bu layihə
Bakıda vaxtı ilə "Qara şəhər" adı ilə tanınan ərazidə həyata
keçirilir.
İki şəhər arasında imzalanması nəzərdə tutulan
dostluq və tərəfdaşlıq mübadiləsi haqqında niyyət protokolunun
layihəsi, həmçinin "Ağ şəhər" layihəsi, "Ana harayı" abidəsi, Xətai
rayonu haqda nəşrlər Kitakyuşu şəhər rəhbərliyinə təqdim
edilib.
Mer Kenci Kitahaşi ətraflı məlumata görə
təşəkkürünü bildirib, "Ağ şəhər" layihəsinin onda xüsusi maraq
doğurduğunu vurğulayıb.
Kitakyuşu şəhərinə səfər çərçivəsində Azərbaycan
nümayəndə heyətinə şəhərdə həyata keçirilən "Hidrogen şəhərciyi",
"Eco şəhər" layihələr haqqında ətraflı məlumat verilmiş, qonaqlar
avtomobil tullantılarının emalı zavodunda iş prosesini
izləyiblər.