Bakıda güclü yanğın baş verib

7 İyun 2014 12:15 (UTC+04:00)
Ötən gecə Bakının Səbail rayonu ərazisində yanğın baş verib. Movqe.az Anspress-ə istinadən xəbər verir ki , hadisə "Şıx" çimərliyi yağınlığında yerləşən istifadəyə yararsız daş karxanalarından birinin ərazisində qeyd alınıb. Yanğın o qədər güclü olub ki, alovun tüstüsü ətraf ərazilərə də yayılıb. Hadisədən sonra əraziyə Səbail və Qaradağ rayonu dövlət yanğından mühafizə idarələrinin yanğınsöndürən avtomobilləri və xeyli sayda canlı qüvvəsi cəlb olunub. 

Görülən işlər nəticəsində yanğının qarşısını vaxtında almaq mümkün olub. Araşdırma zamanı isə məlum olub ki, yanğın ümumi ərazisi 150 kvadrat metr olan daş karxanasında zibil tullantıları və məişət əşyalarının atıldığı hissədə baş verib. 

Xoşbəxtlikdən əraziyə yaxın məsafədə fərdi yaşayış evləri olmadığından yanğın zamanı zərərçəkən olmayıb. Daş karxanası ərazisinə zibil tullantılarının hansı ərazidən və kimlər tərəfindən gətirilməsi məlum deyil. 

Hazırda yanğının səbəblərinin müəyyən edilməsi istiqamətində araşdımalar davam etdirilir.