Bakıda maşın zərbəsinə tuş gələn Şəki sakini öldü

7 İyun 2014 13:03 (UTC+04:00)
Gecə Bakının Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Movqe.az Anspress-ə istinadən xəbər verir ki , hadisə rayonun Gəncə prospekti ilə Sadıqcan küçələrinin kəsişməsində qeydə alınıb. Qəza zamanı "Mercedes" markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən piyada - Şəki şəhər sakini, 55 yaşlı Yunisov Kənan Kamal oğlunu vurub. Piyada vurulandan sonra ona hadisə yerinə çağrılan təcili tibbi yardım həkimləri tərəfindən yardım edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Kənan Yunisov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisədən sonra piyadanı vuran avtomobilin sürücüsü, 57 yaşlı İsgəndərov Saday İsmayıl oğlu Xətai rayon polis idarəsinin əməkdaşları tərəfindən istintaqa cəlb edilib. Piyadanın vurulduğu avtomobil isə cərimə meydançasına aparılıb. 

Faktla bağlı idarədə cinayət işi başlanılıb, araşdırma aparılır. Hadisənin hansı şəraitdə baş verdiyi isə araşdırmaların nəticəsindən sonra müəyyənləşdiriləcək.