Şeyx Səfi kompleksi Ərdəbilin simvoludur (VİDEO)

7 İyun 2014 14:00 (UTC+04:00)
Şeyx Səfi kompleksini və ora daxil olan Şah İsmayıl məqbərəsini Ərdəbilin simvolu adlandırmaq olar.Movqe.az Anspress-ə istinadən xəbər verir ki , çünki bu kompleks, həm memarlıq, həm də mənəvi dəyərinə görə hər bir azərbaycanlı üçün qiymətlidir. Kompleksin girişi gözəl bir mənzərəli parka açılır. Sufi ideoloqu Şeyx Səfiəddin və Şah İsmayıl Xətainin türbəsi yan-yana tikilib.

Bələdçinin sözlərinə görə xanəgahın damı Şah Qacarın vaxtında uçulub. Digər hissələri isə qorunub saxlanılıb. Türbənin üzəri quran ayələri və Allah kəlmələrilə bəzədilib deyə, ona - "Allah-Allah" türbəsi də deyirlər. Girişdə Şah İsmayılın anası, Ağqoyunlu dövlətinin başçısı Uzun Həsənin qızı Aləmşahbəyim dəfn edilib.

Türbənin içərisi daha möhtəşəmdir. Tavanda əl ilə işlənmiş xalça, sonradan isə bir ingilis tərəfindən alınaraq aparılıb və hazırda həmin əsər Viktoriyan muzeyində saxlanılır. Şah Təhmasibin dövründə divarlar qızıl suyuna çəkilib. Məqbərəni xarici qonaqlarla görüş otağına çevirən Şah Abbas isə ulu babası Şeyx Səfi və Şah İsmayılın məzar kompleksinə girişi gümüş suyu ilə boyatdırıb. Hazırda Şeyx Səfinin libası da bu məqbərədə saxlanılır.

Səfəvilərin mənəvi atası sayılan Şeyx Səfinin qəbri də bu ərazidədir. Onun nəvəsi Şah İsmayıl Xətainin qəbri isə buradadır. Deyilənə görə, Şah İsmayılın qəbrinin üzəri fil dişlərindən düzəldilib. Şah İsmayıl və onun babasının qəbri möhtəşəmliyilə seçilir. 

Gənc yaşında taxta çıxan və böyük bir dövlət quran, milli kimliyimizin müəyyən edilməsindən böyük rolu olan Şah İsmayılın əzəməti qarşısında qürrələnməmək olmur. Onun zamanında 1500-cü illərdə Azərbaycan ərazisi bütöv, dövlət dili isə Azərbaycan türkcəsi olub. Türbənin divarında Şahın 5 barmaq əl izi var. Bu, həm də Səfəvilərin dövlət gerbi olub. 5 rəqəmi İslamda müqəddəs hesab edilib, rəvayətə görə Şah İsmayıl danışarkən əli öndə danışıb əmr verərmiş. Kompleksin həyətində köhnə şəhərin qalıqları mühafizə olunur. 

Şeyx Səfi xanəgahının bir hissəsi qəbiristanlıq ərazisidir, müxtəlif dövürlərdə şəhidləri burada dəfn ediblər, o cümlədən də Səfəvilər vaxtı Çaldıran döyüşündə şəhdi olanları bu, qəbiristanlıqda dəfn ediblər.

Səfəvilər öz döyüşçülərini atının dərisinə bükülmüş halda dəfn edirlərmiş. Pəhləvilər zamanına qədər burada yerli sakinlər də ölülərini dəfn ediblər. Sonradan qəbiristanlıq köçürülərkən bəzi məzarlar dağılıb.