Yunan sertakisi tarla ifa olundu
7 İyun 2014 15:00 (UTC+04:00)
Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi
ilə iyunun 6-da Avropanın ən qədim paytaxt şəhəri sayılan Afinanın
"Meqaro Muzikis" Mədəniyyət Kompleksində Qara Qarayev adına
Azərbaycan Dövlət kamera orkestri geniş konsert proqramı ilə çıxış
edib.
Movqe.az Azərtac-a istinadən xəbər verir ki ,
Konsertdən öncə afinalıların haqlı olaraq "mədəniyyət məbədi"
adlandırdıqları və şəhərin ən böyük musiqi kompleksi olan "Meqaro
Muzikis"də əsl bayram ab-havası hökm sürürdü.
Konsertdə Yunanıstanın dövlət və hökumət
nümayəndələri, Afinada akkreditə olunmuş diplomatik korpusun
təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və musiqisevərlər
iştirak ediblər.
Azərbaycanın Yunanıstandakı səfiri Rəhman
Mustafayev konsertdən əvvəl çıxış edərək, iki ölkə arasında dostluq
və əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə getdikcə gücləndiyini
qeyd edib.
Diplomat vurğulayıb ki, tarix, mədəniyyət və
adət-ənənələrə olan qarşılıqlı hörmət və marağı nəzərə alaraq,
Yunanıstanda Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlərə geniş
yer verilir.
Qeyd edilib ki, bu konsert son dörd ildə sayca
doqquzuncu mədəniyyət tədbiridir və yunanların Azərbaycan
incəsənətinə getdikcə artan marağını nəzərə alaraq, bu silsilədən
olan layihələr gələcəkdə də daha geniş formatda davam
etdiriləcəkdir.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən
söz açan səfir qurumun Afinadakı tədbirin reallaşdırılması üçün
göstərdiyi dəstəyi məmnunluqla qeyd edib.
"Azərbaycan musiqisi mövsümü"nün ilk tədbirinin
geniş informasiya dəstəyi ilə gerçəkləşdiyini diqqətə çatdıran
diplomat bildirib ki, xüsusi informasiya bazasında yaradılmış
www.azerbaijani-culture.gr saytı Heydər Əliyev Fondu və onun
prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
fəaliyyətini, eləcə də Yunanıstanda nəzərdə tutulan silsilə
tədbirləri geniş işıqlandırmaq məqsədi daşıyır.
Sonra Xalq Artisti Teymur Göyçayevin dirijorluğu
ilə Azərbaycan musiqiçiləri konsert proqramı ilə çıxış
ediblər.
Klassik musiqi axşamında Azərbaycanın böyük
bəstəkarları-Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev,
Cahangir Cahangirov, Niyazi və Vaqif Mustafazadənin əsərləri ilə
yanaşı, Astor Piatsolla, Pablo de Sarasate, Ernesto de Kurtis kimi
dünya şöhrətli musiqiçilərin əsərləri də səsləndirilib. Tarzən
Şəhriyar İmanovun Azərbaycan muğamları və yunan xalqının ən sevimli
"Sertaki" rəqsinin sintezindən ibarət kompozisiyası tamaşaçılar
tərəfindən xüsusi rəğbət və gurultulu alqışlarla
qarşılanıb.
Konsertdə xanəndələr Arzu Əliyeva, Məftun Səfərli
muğamlarımızı, Aygün Zeynalova (sopran) və Azər Rzayev (tenor)
Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər.
Orkestrin müşayiəti ilə Murad Adıgözəlzadə (fortepiano), Elvin
Qəniyev (skripka), Nicat Məsimov (balaban), Elçin Şirinov
(fortepiano) və Şəhriyar İmanov (tar) tərəfindən həm milli, həm də
xarici musiqi əsərləri yüksək texnika və məharətlə
səsləndirilib.
Konsertdən sonra qonaqlara Heydər Əliyev Fondu
tərəfindən son illərdə çap olunmuş müxtəlif nəşrlər nümayiş olunub.
Qədim və zəngin Azərbaycan mədəniyyətindən bəhs edən nəşrlər
sırasında Azərbaycan Milli İncəsənət Muzeyinə, musiqi alətlərinə,
əlyazmalara, xalq tətbiqi sənətinin müxtəlif növlərinə həsr olunmuş
kitablar, pop, caz, muğam və klassik musiqiyə həsr olunmuş disklər,
eləcə də böyük mütəfəkkirlərimiz Nizami Gəncəvi və Məhsəti
Gəncəvinin əsərləri yer alıb və onlar tədbir iştirakçılarına təqdim
olunub.
Sonda qonaqlara ziyafət verilib.