Bakıda yeni yol nişanları quraşdırılır (VİDEO)

7 İyun 2014 18:00 (UTC+04:00)
Günəş enerjisilə işləyən yeni yol nişanları artıq paytaxtın mərkəzi küçələrində quraşdırılmağa başlayıb

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, bu nişanların üzərində quraşdırılmış günəş panelləri işıq şüalarını elektrik enerjisinə çevirərək gecə və gündüz nişanların işıqlanmasını təmin edir. Bu isə əlavə elektrik enerjisinə qənaət etməklə yanaşı, həm də gecə saatlarında qaranlıq yolla hərəkət edən nəqliyyat vasitələri sürücülərinə yol kənarlarında olan həmin nişanlara baxıb hərəkətin tənzimlənməsi üçün şərait yaradır.

Ekspert Azər Allahverənovun fikrincə, elə yol hərəkət nişanları var ki, yollarda onların quraşdırılmasına böyük ehtiyac duyulur: "Ancaq sürücülər çox zaman bu tip nişanlara məhəl qoymurlar. Bu səbəbdən də əlavə texniki vasitələrdən istifadə edərək onların cəlbediciliyini artırmaq problemini həll edər. Xarici təcrübə bunu deməyə əsas verir".

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə bildirir ki, bundan sonra günəş panelləri quraşdırılan yol nişanlarının sayı artırılacaq: "Hər halda bu tədbirlər, həm sürücülərin, həm də piyadanın görmə məsafəsini artırır ki, bu da diqqətsizlik səbəbindən baş verən qəzaların azalmasına gətirib çıxara bilər".