İnsanabənzər robotlar yaradılır
8 İyun 2014 20:00 (UTC+04:00)
Yaponiyanın SoftBank korporasiyası 2015-ci ilin
əvvəlində emosiyaları ifadə edən və müxtəlif məişət işlərini yerinə
yetirən insanabənzər robotu bazara çıxarmağı planlaşdırır. Movqe.az
Anspress-ə istinadən xəbər verir ki ,satışına növbəti ilin
fevralında başlanılması planlaşdırılan robotun hazırlanması ilə
SoftBankın iki il əvvəl pay aldığı Fransanın Aldebaran şirkəti
məşğul olub.
Tayvanda hazırlanacaq robot Pepper adlanır.
SoftBank nümayəndələrinin sözlərinə görə, Pepper dayə, xəstə
baxıcısı və ya adi həmsöhbət funksiyasını yerinə yetirir, eləcə də
onu təlimatlandırmaq mümkündür. O, emosiyaları ifadə etməklə
yanaşı, insanın emosional vəziyyətini qiymətləndirə bilir. Qiyməti
1900 dollar təşkil edəcək robotun prototipi yaxın vaxtlarda
SoftBank ticarət nöqtələrinə çıxarılacaq və orada bütün alıcılar
onunla yaxından tanış ola biləcək.
Pepperin xüsusiyyətlərini şərh edən şirkət rəhbəri
Masayoşi San deyib ki, bəşəriyyət tarixində biz ilk dəfə ürəyi olan
və emosiyaları ifadə edən robot yaratmağa nail
olmuşuq.
Pepper yeni bacarıqlara bulud texnologiyaları
vasitəsilə öyrədiləcək. Belə ki, yeni məlumat alan robot onu
serverə yükləyərək digər robotlara ötürəcək.
Xatırladaq ki, Yaponiyada əhalinin qocalması
problemi mövcuddur və daha təkmil robotların hazırlanması işçi
qüvvəsi çatışmazlığı probleminin qismən aradan qaldırılması məqsədi
daşıyır.