Təhsil Nazirliyi: heç bir müəllim işdən uzaqlaşdırılmayacaq
8 İyun 2014 21:12 (UTC+04:00)
Bakı şəhərində yerləşən dövlət ümumtəhsil
müəssisələrində fəaliyyət göstərən müəllimlərin peşəkarlıq
səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının
müəyyənləşdirilməsi məqsədilə 10-13 iyun 2014-cü il tarixlərində
müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi
aparılacaqdır.
Movqe.az Təhsil Nazirliyinin "Facebook"
səhifəsinə istinadən xəbər verir ki, bu məqsədlə Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin əməkdaşları tərəfindən son hazırlıqlar görülür,
müəllimlərin qaynar xəttə etdikləri müraciətlər və İdarənin rəsmi
"Facebook" səhifəsində verilən suallar cavablandırılır və bu barədə
çıxan narahatlıqlar operativ olaraq aradan qaldırılır. Çoxsaylı
müraciətlərə əsasən əldə olunan məlumata görə bəzi məktəb
rəhbərliyində olan şəxslər Sınaq Qiymətləndirilməsinin
nəticələrindən gələcəkdə müəllimlərə qarşı təzyiq vasitəsi kimi
istifadə edəcəklərini bildirirlər.
Bununla əlaqədar bildirik ki, əslində Sınaq
Qiymətləndirilməsinin mahiyyəti, məqsədi müəllimləri hədə, qınaq
obyektinə çevirmək yox, onların peşəkar inkişaf istiqamətlərini,
karyera inkişafını müəyyənləşdirmək, nəticəyönümlü əməkhaqqı
sistemini stimullaşdırmaq, təhsilverənin daim öz bilik və
bacarıqlarını artırması üçün münbit şərait yaratmadır. Sınaq
Qiymətləndirilməsinin nəticələrinə görə heç bir müəllim sistemdən
kənarlaşdırılmayacaqdır.
Sınaq Qiymətləndirilməsindən keçməmə anlayışı
yoxdur, çünki burada hər hansı bir keçid minimumu
müəyyənləşdirilməmişdir. Aşağı nəticə göstərmiş müəllimlərimizin
peşəkarlıq səviyyəsinin qaldırılması üçün müxtəlif mexanizmlər
tətbiq ediləcəkdir.
Qeyd edək ki, neqativ halların araşdırılması və
tədbirlərin görülməsi birbaşa Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
nəzarətindədir. Bildiririk ki, bu kimi mənfi hallara qarşı
mövqeyimiz qəti və barışmaz olacaqdır.