Bakıda yeni metro tuneli tikiləcək

9 İyun 2014 12:00 (UTC+04:00)

Bakıda "28 May" metro stansiyasının yaxınlığında tikilməsi nəzərdə tutulan yeni tunel layihəsi artıq təsdiq olunma mərhələsindədir.


Bunu "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

 

Onun sözlərinə görə, hazırda layihədə bəzi detalların dəqiqləşdirilməsi işləri gedir.

 

Qeyd edək ki, bu layihə ilə bağlı "Akkord-Bouygues" birgə müəssisəsi öz təkliflərini "Bakı Metropoliteni" QSC-yə təqdim edib.

 

Tikiləcək tunel "Xətai"-"Azadlıq prospekti" xəttini "İçərişəhər"–"Həzi Aslanov" xəttindən ayırmaqla, hər iki marşrutun sərbəst istismarını təşkil etmək etməyi nəzərdə tutur.

 

Belə ki, bu ayrılmadan sonra "Dərnəgül" metro stansiyasından "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "Nizami" stansiyasından sonra "28 May" stansiyasına daxil olmayacaq. Qatar "Nizami" stansiyasına az qalmış yeni tunellə "Cəfər Cabbarlı" stansiyasına daxil olacaq, oradan isə "Xətai" stansiyasına gedəcək. Bununla da, daha "28 May" stansiyasında hər iki tərəfə qatar getməyəcək.