Taksi qiymətlərinin baha olmasının şok səbəbləri üzə çıxır

10 İyun 2014 08:48 (UTC+04:00)

Bütün digər ölkələrdə olduğu kimi Azərbaycanda da əhaliyə müxtəlif nəqliyyat vasitələri xidmət göstərir. Bu xüsusda əsas yerlərdən birini də taksi xidməti tutur. Lakin Azərbaycanda yanacaqla zəngin ölkə olmasına baxmayaraq, taksi xidməti bir çox qonşu ölkələrlə müqayisədə bahadır. Qonşu ölkələrdən Gürcüstanda da anoloji vəziyyət hökm sürür. Bu ölkədə benzinin qiyməti Azərbaycandan iki dəfə baha olsa da, taksilərdə gediş haqqı ucuzdur. İrna barəsində də eyni sözləri demək olar. Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinin taksi xidməti də keyfiyyət və ucuzluğu ilə seçilir. Bu şəhərdə səhər saat 6.00-dan gecə saat 23.00-dək 3 dirhəmə (60 qəpik) şəhərin istənilən yerinə getmək olar. Gecədən səhərə qədər isə qiymət 80 qəpiyə çatır. Sərnişin getdiyi taksi ilə geri qayıtmaq niyytində olsa, taksi gözlədiyi ilk 10 dəqiqəyə görə ödəniş almır. 10 dəqiqə keçdikdən sonra isə sərnişin əlavə 10 qəpik ödəməlidir.

Maraqlıdır, Azərbaycanda sözügedən xidmətin bəzi qonşu ölkələrlə müqayisədə baha başa gəlməsi nə ilə bağlıdır?

Nəqliyyat məsələləri üzrə ekspert Məzahir Rüstəmov taksi xidməti qiymətlərinin baha olmasını istehsalın digər sahələrində baş verən anoloji hallarla əlaqələndirdi: "İqtisadiyyatın bu və ya digər sahələrində, istehsal, xidmətin digər sektorlarında qiymətlər baha olduğundan, taksi xidmətlərinin yüksək olması da başa düşüləndir. Bunu deməkdə məqsədim odur ki, iqtisadiyyatın bu və ya digər sahələri nisbətən bir-birinə bağlı sahələrdir. Bu fonda Azərbaycanda taksi xidmətinin baha olması da gözləniləndir. Həmçinin, taksi fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin xərcləri çox olduğundan, lisenziya, fərqlənmə nişanlarının alınmasnda çəkilən xərclər də qiymətlərin yüksək olmasına gətirib çıxarır".

Ekspert Azər Allahverənovun fikrincə, ölkəmizdə taksi xidməti qiymətlərinin qonşu ölkələrlə müqayisədə baha olması yanacağın qiymətinin bir qədər baha olması ilə bağlı məsələdir: "Taksi sürücüləri ilə aparılan söhbətlər zamanı onlar bildirir ki, tıxaclarda qalarkən yanacaq sərfiyyatı daha çox gedir. Tıxac zamanı müəyyən olunandan daha çox yanacaq sərf olunur ki, bu da öz təsirini qiymətdə göstərir. Ona görə də, ola bilsin tıxac məsələsi ilə bağlı olaraq, ölkəmizdə qonşu dövlətlərlə müqayisədə taksi xidməti də bahadır. Burada bir nüans da var. Azərbaycanda qiymətin formalaşma amilləri mövcuddur. Qiymət bir neçə səbəbdən formalaşır. Düşünürəm ki, bu sektorda fəaliyyət göstərən şirkətlər arasında qeyri-rəsmi sövdələşmənin olması da, nəticə etibarilə taksi xidməti qiymətləri arasında fərqin hiss olunmamasına gətirib çıxarır. Bir müddət əvvəl bəzi şirkətlər daha ucuz qiymət təklif edirdi və insanlar da onlara zəng etməklə taksi sifarişinə daha çox üstünlük verirdi. Amma artıq zənglərlə işləyən şirkətlər də qiymət həddi müəyyənləşdirdi və bu hədd digərləri ilə demək olar ki, eyni həddədir. Belədə Bakıda 12-15 km məsafəni qət etmək üçün 7-8 manat, müxtəlif saatlarda isə hətta 10 manat alırlar. Taksi fəaliyyəti ilə mşğul olan əksər şirkətlər də bu həddi gözləyir. Ciddi azad rəqabət olarsa, həmin sahədə daha ucuz qiymətlərin olmasına rast gələ bilərik. Hərçənd indi də bəzi şirkətlər bonus kampaniyaları keçirir və bu zaman hardasa 20-30 faizlik endirimlər müşahidə olunur. Lakin bu hal böyük məsafəyə sərf olunan məbləğlərdə hissi olunur. İnsanlar özləri də bu kimi bonus kampaniyalarından geniş yararlanmır.

İstəniilən halda, düşünürəm ki, taksi xidməti növü qiymətə təsir edəcək səviyyədə yüksək deyil. Burada hansısa optimal qiymət olmalıdır. Optimal qiymət də Bakı küçələrinin yüklənməsi, intensivliyinə, təyinat ünvanına çatdırılmasına ölçülməlidir. Bu mənada da hazırki qiymət haqları yüksəkdir. Bakıdan Gəncəyə 4 saatlıq yolla, Bakının bir rayonundan digərinə taksi ilə getməyə eyni vəsait tutulması təbii ki, qiymətin yüksək olmasından xəbər verir. Bu disbalans da aradan qaldırılmalı, həmin qiymətlər yenidən nəzərdən keçirilməlidir".