Mənzillər yenə «şişirdilmiş qiymətlərlə» satılır

3 İyul 2012 09:00 (UTC+04:00)

Azərbaycanda mənzillərin hələ də "şişirdilmiş qiymətlərlə" müştərilərə təklif olunduğu danılmaz reallıqdır. Hazırda daşınmaz əmlak bazarında durğunluq hökm sürməsinə baxmayaraq, yenə də müəyyən bahalaşma hiss olunmaqdadır. Belə ki, ötən ilin birinci yarısı ilə müqayisədə bu il mənzillərin qiyməti təxminən 11 faiz artıb. Amma ilin əvvəlindən bu günə qədər bahalaşma 5-6 faiz təşkil edir.

Mütəxəssislərin fikrincə, daşınmaz əmlak bazarında baş verən bu proseslərin səbəbi isə daxili və xarici faktorlarla bağlıdır. Xüsusi ilə dünya və Avropa bazarlarında maliyyə böhranının yenidən baş verməsindən ehtiyatlanmalar dövriyyədəki pul kütləsinə təsir edib. Bu da nəticədə mənzillərin qiymətində özünü göstərib. Digər tərəfdən yay tətillərinin başlaması, üstəgəl son 1-2 ayda bəzi bankların ipoteka kreditlərinin həcminə məhdudiyyətlər qoyması bazarda alqı-satqı əməliyyatlarında azalmalarla müşahidə olunub.

Ümumiyyətlə, son 3 ilin təhlilləri göstərir ki, Bakıda əsas alqı-satqı predmeti Leninqrad və Fransız layihəli mənzillər olub. Şəhərin mərkəzindən bir qədər kənarda - Yeni Yasamal, Əhmədli, Günəşli, 8-ci kilometr yaşayış massivlərində və mikrorayonlarda yerləşən bu mənzillərə tələbatın artması qiymətlərə təsirini göstərib. Məsələn, 2009-2010-cu illərdə 2 otaqlı fransız layihəli mənzilin qiyməti 49-51 min dollar idisə, indi bu rəqəm 55-56 minə qalxıb.

Aparılan araşdırmalar mənzillərin indinin özündə də maya dəyərindən 2-3 dəfə baha satıldığını təsdiqləyir. Elə daşınmaz əmlak bazarında aktivliyin hələ də arzuedilən səviyyəyə çatmamasında bu amil özü də vacib rol oynayır.

Yaranmış vəziyyət kirayəyə verilən mənzillərin də qiymətinə təsirsiz ötüşmür. Ölkəmizdə, əsas etibarilə də paytaxt Bakıda bu gün mənzil sahibləri tərəfindən alınan kirayə haqlarının yüksək olması danılmaz həqiqətdir. Məsələnin daha bir maraqlı tərəfi isə ondan ibarətdir ki, son dövrlər kirayəyə verilən mənzillərdən daha çox haqq alınmağa başlayıb.

Onu da bildirək ki, kirayə bazarında qiymətləndirmə mexanizmləri bir neçə prinsip əsasında aparılır. Burada əsas rol oynayan amillər evin çoxmənzilli binada yerləşməsindən və ya fərdi həyət olmasından, eləcə də ərazidən asılı olaraq dəyərləndirilir. Çoxmənzilli binalardakı evlərin qiymətləndirilməsi zamanı isə əsasən müqayisəli prinsipdən istifadə edilir. Yəni qiymətlər qonşuluqda satılan mənzillərin qiymətilə uyğunlaşdırılaraq müəyyənləşdirilir. Ekspertlərin sözlərinə görə, mənzilin yerləşmə istiqaməti, məsələn, evin pəncərələri məhəlləyə, mərkəzi küçəyə, ya dənizə açılır - bunların qiymətə təsiri var. Digər tərəfdən, onun metroya yaxınlığı, su və qazla təminatı da əsas rol oynayır. Binanın yaxınlığında ticarət obyekti, sənaye obyektinin yerləşməsi də dəyərə təsir edir.

Qeyd olunan xarici amillərlə bərabər, mənzilin daxili əlamətləri də onun qiymətinin formalaşmasına təsir edir. Adətən, kirayə ev axtaranlar maklerlərə müraciət edir. Bu adamlar az qala 1 aylıq ev kirayəsi haqqı qarşılığında xidmət göstərir. Ölkənin kirayə bazarında mühüm problemlərdən biri isə odur ki, proses zamanı heç bir müqavilə imzalanmır. Halbuki, Nazirlər Kabinetinin "Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması"nın təsdiq edilməsi barədə 29 aprel 2010-cu il, 80 saylı qərarı var. Bu qərara əsasən, kirayə zamanı xüsusi müqavilə forması doldurulmalıdır. Dövlət bu müqavilədə kirayəçinin haqlarını qoruyur, sahibkarın bildiyini diktə etməsi bu müqaviləyə əsasən mümkün deyil. Hələlik isə iqtisadçı ekspertlər indi kirayə mənzillərin qiymətinin yüksək olmasının heç bir iqtisadi əsası olmadığını ifadə edir. Hesab olunur ki, hazırda mənzillərin satış və kirayə qiyməti, ən azı 30-40 faiz aşağı düşməlidir. Bəzi ekspertlər təklif edir ki, mənzil bazarında ədalətli qiymət prinsiplərinə əməl etmək və tikinti sektorunun özünün dirçəldilməsinə nail olmaq üçün dövlət siyasəti müəyyənləşməlidir və məsələyə inzibati qaydada müdaxilə olmalıdır.

Kirayə mənzil bazarındakı qiymətlərin bir azdan daha çox artması gözlənir. Buna səbəb yeni tədris ilinin başlaması, tələbələrin şəhərə axını ilə bağlıdır. Tələbat metro stansiya və təhsil müəssisələrinə yaxın olan ərazilərdə yerləşən mənzillərə olduğu üçün həmin evlərin də kirayə qiymətləri 8-10 faiz qalxacaq. Mütəxəssislər bildirir ki, bahalaşma oktyabrın 1-nə qədər davam edəcək. İlin sonunda isə yeni tikililərdəki 2-3 otaqlı mənzillərin və villa tipli evlərin kirayə qiymətlərində bahalaşma müşahidə olunacaq. Bu da həmin dövrdə ölkəmizə daha çox xarici qonaqların gəlməsi ilə əlaqələndirilir.