Azərbaycanda qeyri-sabit hava şəraiti iyunun 14-dək davam edəcək

11 İyun 2014 12:53 (UTC+04:00)

"Azərbaycanın qərb rayonlarında ötən gecə müşahidə olunan hava şəraiti gözlənilən idi". Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

 

Onun sözlərinə görə, iyunun 7-də həm proqnozlarda, həm də xəbərdarlıqda bu barədə məlumat verilib: "Proqnozda iyunun 9-u və 10-da dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi, qərb küləyinin güclənəcəyi göstərilmişdi. Növbəti xəbərdarlıq dünən, iyunun 10-da verilib və bildirilib ki, ölkə ərazisində qeyri-sabit sabit hava şəraiti iyunun 14-dək davam edəcək. Bu müddət ərzində fasilələrlə, xüsusən respublikanın dağlıq və dağətəyi rayonlarında leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Əvvəlcə cənub-qərb küləyi güclənəcək, iyunun 13-də qərb, şimal-qərb küləyinin daha da güclənməsi proqnozlaşdırılır. İyunun 13-də Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək. Bununla bağlı paytaxtda havanın temperaturunun aşağı enməsi müşahidə olunacaq. Ötən günlərdə havanın temperaturu 32-33 dərəcə isti idisə, iyunun 13-də 22-26 dərəcə isti olacaq".

 

U.Tağıyeva qeyd edib ki, iyunun 14-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, əsasən gecə və axşam saatlarında yağışlı olacağı, şimal və qərb rayonlarında, dağlıq və dağətəyi rayonlarda yağışların leysan xarakterli olacağı gözlənilir. Güclü şimal küləyinin əsəcəyi ehtimalı var. Daha güclü külək iyunun 13-də xüsusən Abşeron yarımadasında hiss olunacaq.