Bakıda imtahanda müəllimin sancısı tutdu

11 İyun 2014 14:05 (UTC+04:00)

Bakıda müəllimlərin sınaq qiymətləndirilməsinin ilk günündə təcili yardıma 12 müraciət daxil olub.  Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, müraciətlərin 11-i qadın, 1-i isə kişi müəllim tərəfindən edilib. Onun sözlərinə görə, qadın müəllimlərdə müraciətlər stress və təzyiqlə, kişi müəllimdə isə böyrək daşının sancısı ilə bağlı olub. Onun sözlərinə görə, 12 müraciətdən 11-nə ilkin yardım göstərilib və onların imtahan prosesinə mane olmayıb: "Müəllimlərdən yalnız 1-i xəstəxanaya yerləşdirilib. Bu hadisə Bakının Mərdəkan qəsəbəsindəki 183 saylı məktəbdə keçirilən imtahan zamanı qeydə alınıb. Həmin məktəbdə imtahan verən müəllimə hiportanik təzyiq, krizlə bağlı xəstəxanaya aparılıb".  

Z.Vahidova qeyd edib ki, təcili yardım briqadaları Bakının 11 rayonu üzrə 29 məktəbdə növbətçilik çəkir: "Təcili yardım imtahandan 1 saat öncədən ərazidə olur və müəllimlərə lazım olduqda xidmət göstərir. Bu gün isə hələlik imtahanlarda iştirak edən müəllimlərdən hər hansı müraciət daxil olmayıb". 

Qeyd edək ki, iyunun 10-dan Azərbaycanda ilk dəfə olaraq Bakıda çalışan müəllimlərin sınaq qiymətləndirilməsi keçirilir. İmtahanlar 4 gün ərzində (10-13 iyun) aparılacaq. Bakı məktəb müəllimlərinin sınaq qiymətləndirilməsində ümumilikdə 357 məktəbin 30 072 nəfər müəllimi iştirak edəcək.