“Yolkart”ları qəbul etməyən sürücü və sahibkarlar cəzalandırılacaq

11 İyun 2014 14:57 (UTC+04:00)

Yaxın vaxtlarda Bakıda daha 40 marşrutda kart sisteminin tətbiq olunması nəzərdə tutulub.  Bununla da onların sayı 1000-dən artıq olacaq. Movqe.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəisi Namiq Həsənov deyib. O, bildirib ki, bu ilin fevral ayında 30 marşrutda, yəni 774 avtobus bu sistem tətbiq olunub. "Ümumi götürdükdə isə bu ilin sonu və gələn ilin əvvəlində qədər Bakıda hərəkət edən bütün avtobuslara kart sistemi tətbiq olunacaq. Çünki 2015-ci ildə I Avropa Oyunları keçiriləcək və xaricdən gələn vətəndaşlar da bu sistemdən istifadə etməlidirlər", - deyə N. Həsənov qeyd edib. Onun sözlərinə görə, indiyə qədər təxminən 300 000 minə qədər nəqliyyatda gediş kartı satışa buraxılıb. Onun 200 000-ə yaxını vətəndaşlar tərəfindən alınıb. Gün ərzində isə  təqribən 10 000 kart dövriyyədədir. Lakin, nazirlik sözçüsü əhalinin bu kartlara marağının az olduğunu vurğulayıb: "Bundan başqa, müəyyən sürücü öz subyektiv marağından çıxış edərək vətəndaşın kartını qəbul etmir və nağd pul istəyir. Kartlar isə "Bank of Azərbaijan"a məxsusdur. Nəqliyyat Nazirliyi də, "Bank of Azərbaijan" tərəfindən də reydlər keçirilir. Hər hansı bir sürücü həqiqətən vətəndaşa bu cür reaksiya göstərirsə, onlarla bağlı ölçü götürüləcək, hətta sahibkarlarından həmin marşrut da alınacaq. Heç kim kart olduğu halda, nağd pul tələb edə bilməz".

N. Həsənov hələlik bu iki sistem paralel olaraq fəaliyyət göstərdiyini deyib.

Qeyd edək ki, nəqliyyatda tətbiq olunan kartlar ictimai nəqliyyatda gediş haqqı ödənilməsi ilə yanaşı, taksidə, ictimai-iaşə mərkəzlərində, o cümlədən gündəlik olaraq kartın balansına müəyyən məbləğ yüklənərək istifadə olunması mümkündür.