Qadınlar kişi müəllimləri böyük fərqlə üstələyir

13 İyun 2014 12:58 (UTC+04:00)

Bu gün təhsil sistemində diqqəti çəkən məsələlərdən biri kişi müəllimlərin sayca azlığıdır. Xüsusən də orta məktəblər üçün bu vəziyyət daha çox xarakterikdir. İdman və hərbi təlim dərslərindən başqa, digər fənlər üzrə çalışan kişi müəllimlər qadınlara nisbətən olduqca azlıq təşkil edir. Çalışan müəllimlərin də əksəriyyəti cavan kadrlar deyil, yaşlı, ən yaxşı halda ortayaşlı insanlar olurlar. Ekspertlər kişilərin təlim-tədris sahəsinə, pedoqoji fəaliyyətə marağının az olmasını müəllimlərin əmək haqqının az olması ilə əlaqələndirirlər. 

Azad Müəllimlər Birliyinin sədri, təhsil üzrə ekspert Məlahət Mürşüdlü Movqe.az-a bildirib ki, bu gün təhsildə kişi müəllimlərin sayca az olması təlim-tədris prosesinə mənfi təsir edir: "Xüsusən də tərbiyə məsələlərinə. Apardığımız araşdırma əsasında məlum olub ki, kişi müəllimlər əsasən harada gəlir çoxdursa, həmin sahələrə meyl edirlər. Bu da dediyimi kimi, əmək haqqının azlığı ilə, peşəyə olan motivasiyanın yetəri qədər olmaması ilə bağlıdır ki, oğlanlar bu gün müəllim olmaq həvəsində olmurlar. Bu gün yetəri sayda kişi müəllim var ki, məktəbi buraxıb gedib ticarətlə, sürücülüklə məşğul olur və ya başqa sahələrə üz tuturlar. Onlar ailələrini saxlamaq, evə pul gətirmək  məqsədilə bu addımı atmalı olurlar". 

Digər təhsil eksperti Vurğun Əyyub da hesab edir ki, kişi müəllimlərin təhsildə az olmasına səbəb əmək haqqının miqdarıdır: "Müəllimin əmək haqqı yaxşı olmalıdır ki, cinsindən asılı olmayaraq hər kəs bu sahəyə maraqlı olsun". Lakin buna baxmayaraq ekspert  deyir ki, müəllimin cinsi təhsildə heç bir fərq etmir: "Təhsildə əsas problem yaradan hal bəzi müəllimlərin bilik səviyyəsinin aşağı olmasıdır". 

Hələlik isə məlum olan odur ki, Azərbaycanda qadın müəlimlərlə kişi müəllimlərin sayında böyük disbalans var. Səslənən  rəqəmlərə görə, orta məktəbdə çalışan 200 minə yaxın müəlimdən yalnız 20 faizini kişilər, 80 faizini isə qadın müəllimlər təşkil edir. Müvafiq  rəsmi qurumlarda hesab olunur ki, ümumtəhsil məktəblərində qadınların kişi müəllimlərin sayı ilə müqayisədə çoxluğuna süni şəkildə müdaxilə edilə bilməz. Üstəlik vəziyyəti qısa vaxtda dəyişmək də real görünmür. Lakin hesab edilir ki, kişi müəllimlərin sayı qadın müəllimlər qədər olmalıdır. Heç olmasa, idman, əmək, fizika, riyaziyyat kimi fənlərdə kişi müəllimlər üstünlük təşkil etməlidirlər. 

Qeyd edilir ki, ümumtəhsil məktəblərində müəllimlərin əksəriyyətinin qadın olması şagirdlərə, onların davranışına psixoloji təsirləri barədə əsaslı tədqiqatlar aparılmayıb. Ona görə də qadın müəllimlərin məktəblərdə üstünlük təşkil etməsinin birmənalı olaraq mənfi göstərici kimi qiymətləndirilməsi düzgün olmazdı. Lakin kişi müəllimlərinin sayını ratması da lazımi hal sayılır. Kişi müəllimlərin azlığına əmək haqqı ilə yanaşı, digər amillər də təsir edir. Bunlar özəl sektorda çalışmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və bu kimi digər məsələlərlə bağlıdır. Əmək haqqı ilə bağlı  məsələnin həlli üçün  müəllimlər üçün kompetensiya və nəticə əsaslı, diferensiallaşdırılmış əmək haqqı sisteminin yaradılması nəzərdə tutulub.