Nazirlik uşaq evləri ilə bağlı hərəkətə keçdi
13 İyun 2014 14:00 (UTC+04:00)
"Azərbaycan Respublikasında dövlət uşaq
müəssisələrindən uşaqların ailələrə verilməsi
(De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı"nın
icrası istiqamətində Təhsil Nazirliyi ilə Avstriyanın "Hilfsverk
Avstriya Beynəlxalq" təşkilatı arasında Qrant sazişi imzalanıb.
Təhsil Nazirliyindən Movqe.az-a verilən
məlumata görə, sazişə əsasən Təhsil Nazirliyi tərəfindən valideyn
himayəsindən məhrum olan və daim müəssisədə yaşayan 10 nəfər uşaq
üçün ailə əsaslı sosial xidmətlər sistemini özündə ehtiva edən
kiçik qrup evi yaradılıb. Nazirlikdən
bildiriblər ki, uşaqların müəssisələrə düşməsinin qarşısının
alınması məqsədilə yerlərdə uşaqlar və ailələrə dəstək
xidmətlərinin yaradılması, risk qrupundan olan uşaqlar və ailələr
arasında sistemli preventiv tədbirlərin görülməsi nəticəsində ölkə
üzrə ümumilikdə 589 nəfər uşağın, o cümlədən 2013-cü ildə 34 uşağın
dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı
alınıb. 2013-cü ildə Təhsil
Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş
siyahısında olan 13 nəfər uşaq övladlığa verilib. Valideyn
himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq
evlərində yaşayan 51 nəfər uşaq rayon və şəhər icra
hakimiyyətlərinin sərəncamı ilə həmin müəssisələrdən bioloji
ailələrinin və yaxın qohumlarının himayəsinə
qaytarılıb. Qeyd edək ki, Təhsil
Nazirliyinin tabeliyində olan internat məktəblərində, lisey və
gimnaziyalarda qidalanmanın təşkilinin vahid mərkəzdən idarə
edilməsinə başlanılıb. Qidalanmanın bu qaydada təşkili beynəlxalq
və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji
tələblərin yerinə yetirilməsini daim nəzarətdə saxlamaq və baş
verən hər hansı bir çatışmazlığın operativ şəkildə aradan
qaldırılması məqsədlərinə xidmət edir.