2 qiyməti almış 128 məzun ali məktəblərə qəbul olub

13 İyun 2014 17:34 (UTC+04:00)

Ötən il Azərbaycanda keçirilmiş buraxılış imtahanlarında 2 qiyməti almış 128 məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək ali məktəblərə qəbul olub. Təhsil Nazirliyindən  Movqe.az-a verilən məlumatda bildirilib ki, qruplar üzrə yüksək nəticə I ixtisas qrupu üzrə 350 bal, II ixtisas qrupu üzrə 301 bal, III ixtisas qrupu üzrə 559 bal, IV ixtisas qrupu üzrə 330 baldır. Keçən il XI sinfi bitirən şagirdlərin hamısına attestat verilməsi barədə qərar qəbul olunub. Bununla da 84 mindən çox məzun (məzunların ümumi sayının 99,3 faizi) attestat alıb. 2013-2014-ci tədris ilində ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqların vaxtından əvvəl I sinfə müsahibəsiz qəbul olunması barədə qərar qəbul olunub. 15 pilot şəhər və rayonun məktəbəqədər təhsil müəssisələrində 3 093 pedaqoji işçi üçün təlimlər keçirilib. 2013-cü il ildə 6 yaşı tamam olmamış xüsusi istedadı ilə seçilən uşaqların vaxtından əvvəl məktəbə qəbulu üzrə yeni qayda qəbul olunub. Yeni qaydalarla 8 846 nəfər uşaq vaxtından əvvəl birinci sinfə qəbul edilib.