Karl Marks azərbaycanlı imiş?
14 İyun 2014 10:00 (UTC+04:00)
Avropa yəhudilərinin çox sayda məşhur ailələri, o
cümlədən Marks və Rotşild kimi dünyanın tarixində böyük rol oynamış
ailələr Aşina soyundan gələn xəzər
türkləridir.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu
barədə mənşəcə Polşa aristokratlarından olan Pavel Krupanın rəsmi
saytında bildirilir. Polyak aristokrat öz fikirlərində əsas kimi
həmin tanınmış ailələrin təmsilçilərinin Aşina türk soyu kimi
Q1b/M-378 genini daşımasını göstərir.
Genetikaya görə, yəhudilər və onların əmisi
oğlanları olan ərəblər J1 geni daşımalıdırlar. Amma bir çox
tanınmış Avropa yəhudilərinin əsasən Amerika hindularının daşıdığı
Q1b geninə sahib olması sual doğurur. Pavel Krupa öz ailəsinin də
mənsub olduğu bu genin mənbəyini Aşina soyunda
görür.
Genetiklər belə düşünür ki, Amerika hindularının
da daşıdığı Q1 geni təxminən 20 min il qabaq Sibir və Ural
tərəflərdə yaranıb. Daha sonra isə Berinq boğazından keçərək
Amerikaya yerləşib. Türk ulusunun yaradıcısı olan Aşina soyunun da
Q1 genini daşıdığı güman edilir. Genetiklərin fikrincə, Q1b genini
daşıyan Aşina soyu onlara qohum olan R1b və R1a genlərini
daşıyanları özlərinə tabe edib və türk ulusunu yaradıb. Zatən R1
geni də Q1 kimi eyni P geninin davamçılarıdır. Beləliklə, əsasən
qırğızlarda və qazaxlarda, altay türklərində müşahidə edilən R1a
genini və başqırdlarda, türkmənlərdə, türklərdə dominat olan R1b
genini daşıyanlar Aşina soyunun danışdığı türk dilini qəbul
ediblər.
Aşina soyunun bir qolu olan xəzərlər 6-cı əsrdən
İrandan gəlmiş yəhudi köçkünləri ilə rastlaşıblar. Bunun
Azərbaycan, daha doğrusu Bakı ərazisində baş verdiyi güman edilir.
Xəzərlərin ilk paytaxtları Saray və Bələncər hazırda Bakı ətrafında
kiçik qəsəbələrdir. Azərbaycanın orta əsrlərdə rast gəlinən
Xəzərbeycan adının da xəzərlərlə bağlı olduğu güman edilir. Hazırda
Azərbaycan türklərinin 5%-ə qədərinin Q1 genini daşıması da bu
ehtimalları gücləndirir. Xəzər xaqanlarından əvvəllər tanrıçı olmuş
Bulan yəhudi qızı ilə evlənir və yəhudiliyi bu iri türk
imperiyasının rəsmi dininə çevirir. Daha sonra bütün xəzər
aristokratiyası yəhudi dininə keçir.
6-cı əsrdə İran şahı Xosrov Ənuşirəvanla xəzərlər
arasında qanlı müharibələr gedib və Xosrov Pərviz Cənubi
Azərbaycanda 50 min xəzər ailəsini oturaqlaşdırıb. Ərəblər
Azərbaycana girəndə Dərbənddən Həmədana kimi, o cümlədən Tiflis
xəzərlərin nəzarəti altında idi. Ərəblərin güclü təzyiqi və Şimali
Qafqazda Bulqar türk ulusunun çöküşü, bulqarların Balkan
yarımadasına köçməsi xəzərlərin Şimali Qafqaza keçməsinə və böyük
ulus yaratmasına imkan verir.
Xəzərlər tarixə daimi muzdlu ordu yaratmış ilk
imperiya kimi düşüb. Lakin hakim elitanın tanrıçılıqdan imtina
edərək yəhudiliyi qəbul eləməsi şimaldan Bulqar islam dövləti,
qərbdən xristian Kiyev, cənubdan isə xristian Bizans və müsəlman
Ərəb xilafəti ilə müharibələrə səbəb olur. 10-cu əsrdə Rus vikinq
knyazı Svyatoslav xəzərlərin paytaxtı Atili dağıdaraq Xəzər
dövlətinin sonunu gətirir. Xəzər aristokartiyası isə Avropanın
müxtəlif şəhərlərinə dağılaraq yəhudi icmalarına
qarışır.
Xəzər imperiyasının ata yurdu Azərbaycan olduğuna
görə, ölkəmizi Marks və Rotşild kimi məşhur ailələrin vətəni saymaq
olar.