Azərbaycanda adam döymə cinayət olmayacaq?

3 İyul 2012 14:09 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Azərbaycanda adam döymə cinayət yox, inzibati xəta olacaq. Döymə maddəsi Cinayət Məcəlləsindən çıxarılaraq İnzibati Xətalar Məcəlləsinə daxil edilib.

Azərbaycan Milli Məclisinin cümə günü yaz sessiyasının sonuncu növbədənkənar iclasında qəbul edilən Cinayət Məcəlləsinə olunan əlavə və dəyişikliklərə əsasən, İşgəncə vermə adlı 133-cü maddənin adı dəyişdirilərək "əzab vermə" adlandırılıb.

133-cü maddəyə görə nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası da azaldılaraq 3 ildən 2 ilə endirilib.

Əvvəl ağırlaşdırıcı hallarda bu cinayətə görə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdusa, hazırda bu müddət 2 ildən 5 ilədək müəyyən olunub. Həmin cinayət işgəncə verməklə törədildikdə də 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 133.3-cü maddə isə ləğv edilib.

Qeyd edək ki, cinayət əməlinə görə isə 3 min manatdan 4 min manatadək cərimə, 3 ilədək müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.