Bakıda parkomatların sayı çoxalacaq (VİDEO)

14 İyun 2014 14:07 (UTC+04:00)
Şəhərdə qanunsuz parklanmanın qarşısını almaq üçün yeni qaydalar tətbiq olunacaq.Movqe.az  ANS TV-ə istinadən xəbər verir ki, qanunsuz parklanan maşınların sahibləri müşahidə kameraları ilə müəyyən edilib cərimələnəcək.

Layihə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən reallaşacaq. Mərkəzin müxtəlif ərazilərdə quraşdırılacaq yeni müşahidə kameraları əvvəlcə qanunsuz parklanan dövlət nömrə nişanınını müəyyən edəcək. 

NİİM-in sözçüsü Şəfa Mehmanqızının sözlərinə görə, yeni müşahidə kameraları vasitəsilə əvvəlcə qanunsuz parklanan avtomobilin dövlət nömrə nişanı müəyyən edilir: 

"Avtomobilin şəkli çəkilir. Bir müddət sonra yenə şəkil çəkilir. Əgər avtomobil qadağan olunmuş yerdən götürülməyibsə, o zaman avtomobilin dövlət nömrə nişanınına əsasən sürücünün ünvanı müəyyən edilir və cərimə haqda məlumat onun ünvanına göndərilir". 

Sürücülər bu yeniliyin küçələrdəki bir sıra problemlərin xüsusilə tıxacların qarşısı alacağı qənaətindədir. 

Bir müddət əvvəl paytaxt küçələrində avtomobillər üçün bircərgəli müvəqqəti dayanacaqlar yaradıldı. Burada avtomobilləri saxlamaq ödənişlidir. Həmin dayanacaqlarda avtomobilləri 4 saata qədər saxlamağa icazə verilir. Ödəniş hər saat üçün 1 AZN müəyyən edilib. Ödəniş elə həmin yedə quraşdırılmış parkomatlar vasitəsilə həyata keçirilir. 

Parkomatların yanınıda xüsus geyimli yoxlayıcılar sürücülərə ödənişi etməklə yanaşı avtomobili saxlamasına da köməklik göstərirlər. İlin sonuna kimi paytaxtın müxtəlif küçəsində min belə parkomatlar quraşdırılması planlaşdırılır.