Qafqazın və Uzaq Şərqin islam liderləri bir araya gəldi (VİDEO)

15 İyun 2014 14:01 (UTC+04:00)
Tatarların əcdadı kimi tanınan Volqa bulqarlarının İslamı qəbul etməsi münasibətilə Tatarıstanın Bulqar şəhərində Qafqazın və Uzaq Şərqin islam liderləri bir araya gəldi. 

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, Bulqar şəhərində təşkil olunmuş mərasimdə Tatarıstanın prezidenti Rüstəm Minnixanov, Dövlət məsləhətçisi Mintimer Şaymiyev, Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin rəhbəri Talqat Tacəddin və digər səlahiyyətli nümayəndələr iştirak edib. 

Təntənəli mərasimə Qazaxıstan, Qırğızıstan, Ukrayna, Belarus ölkələrinin dini liderləri və ərəb ölkələrinin səfirləri də qatılmışdı. Əvvəlcə Ağ məscid adlanan yerdə toplanan liderlər islam və türk dünyası ölkələrinin əməkdaşlıq məsələlərini müzakirə etdilər. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin iştirakı ilə keçirilən tədbirlər Tatarıstanın Volqa Bulqar şəhərində islamın qəbul olunmasının ildönümünə həsr olunmuşdu.

Bulqar şəhərində yerləşən dini-tarixi muzeyi ziyarət edən liderlər burada islam dininə aid müxtəlif maraqlı esponatlarla tanış oldular. Muzeydə tarixi sənədlər, Qurani-Kərimin əlyazması və digər dini əsərləri görmək mümkündür. Muzey qarşısında təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə islam birliyinin əbədi olduğunu deyərək bütün ölkələri fəal əməkdaşlığa çağırdı. O, tatar xalqının islamın inkişafına verdiyi töhfələrdən də söhbət açdı.

Təntənəli mərasimlər daha sonra Bulqar şəhərində ənənəvi olaraq qurulan çadırlarda davam etdirildi. Böyük Bulqar Xanlığının 640-cı ildə xəzərlər tərəfindən süqutundan sonra iki qola ayrılan bulqarlar cənub-qərbə və şimala köç ediblər. Qərbə gedən qol xristianlığı seçərək Balkan yarımadasında Bolqarıstanın əsasını qoymuş, şimala köçən qol da Kotrak xanın rəhbərliyi altında Volqa çayı sahilində İdil-Bulqar dövlətini qurub. Volqa bulqarlarının 889-cu ildə Qaraxanlılardan əvvəl İslamı qəbul edən ilk türk xalqı olduğu iddia edilir.