Beynəlxalq təşkilatdan Ermənistana iqtisadi sanksiya tələbi
15 İyun 2014 20:11 (UTC+04:00)
"Ermənistan işğalçılıq siyasəti nəticəsində
Azərbaycana vurduğu maddi ziyanın təzminatını ödəməlidir, çünkü
bunu ondan beynəlxalq hüquq normaları tələb edir".
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
bunu Milli Məclisin deputatı Xanhüseyin Kazımlı Belarusun Brest
şəhərində keçirilən "Avrasiya Qiymətləndiricilər Birlikləri
Assosiasiyası"nın 13-cü beynəlxalq konfransında çıxışı zamanı
deyib.
Milli Məclisin deputatı Avrasiya
Qiymətləndiricilər Birlikləri Assosiasiyasının idarə heyətinin
üzvlərini işğalçılıq siyasətindən əl çəkməyən Ermənistana qarşı
iqtisadi sanksiya tətbiq etməyə səsləyib. Xanhüseyn Kazımlının
fikrinə dəstək verən Moldova nümayəndə heyətinin rəhbəri Dmitri
Tereburka həmkarlarına düzgün qərar verməyin vacib olduğunu
xatırladıb: "Azərbaycan Avrasiya məkanında işğaldan əziyyət çəkən
ölkələr sırasındadır. Bu baxımdan işğal altında olan Dağlıq Qarabağ
ve ətraf rayonlara dəyən ziyanın hesablanması və bununla bağlı
Ermənistanın təzminat ödəməsi beynəlxalq hüquq normalarına əsasən
tələb olunmalıdır".
3 gün davam edən beynəlxalq konfransın ilk günündə
Azərbaycan və Moldova tərəfindən irəli sürülmüş işğalçı ölkələrə
qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi layihəsi geniş
müzakirə olunaraq quruma üzv olan ölkələrin səs çoxluğu ilə qəbul
olunub. Bu baxımdan Ermənistanın işğalçılıq siyasətinə görə
Azərbaycana vurduğu ziyanın təzminatını ödəməsi məsələsi beynəlxalq
təşkilatın hüquqi sənədinə daxil edilib.
Qeyd edək ki, 9 ölkədən 60 nəfər peşəkar
mütəxəssis və ekspertlərin iştirak etdiyi beynəlxalq konfransa
Milli Məclisin deputatı Xanhüseyin Kazımlı sədrlik edir. Konfransda
MDB və Avrasiya məkanında baş verən müharibə, terror, münaqişə və
təbii fəlakət zamanı zərər çəkən ölkələrə dəyən maddi ziyanın
hesablanması, beynəlxalq hüquq normalarına əsasən terror və işğalçı
ölkələr tərəfindən zərər çəkən tərəfə təzminatların ödənilməsi,
onlara qarşı iqtisadi sanksyaların tətbiq olunması mexanizminin
öyrənilməsi məsələləri ətrafında geniş müzakirələr
aparılıb.
Konfransda Avrasiya Qiymətləndiricilər Konqresinin
baş direktoru Nikolay Trifonov, Moldova nümayəndə heyətinin rəhbəri
Dmitri Tereburka, Gürcüstan, Qazaxistan, Rusiya, Belarus və digər
ölkələrin mütəxəssisləri çıxış edərək Beynəlxalq Avrasiya
Qiymətləndiricilər Konqresinin fəaliyyətinin gücləndirilməsinin
vacibliyindən danışıblar.
Avrasiya məkanında işğala və terrora məruz qalan
ölkələrə dəyən maddi ziyanın birgə hesablanması və aqressiv mövqe
nümayiş etdirən tərəfə cəza sanksiyalarının tətbiq edilməsi üçün
beynəlxalq komissiya yaradılmasının zəruriliyini vurğulayıblar.
Tədbir iştirakçılarının diqqətini Ermənistan silahlı qüvvlərinin
Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə yönəldən
Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının idarə
heyətinin üzvü, millət vəkili Xanhüseyn Kazımlı bununla bağlı
Azərbaycan respublikasının prezidenti İlham Əliyevin göstərişinə və
Azərbaycan hökumətinin sərəncamına əsasən ölkəmizə dəyən ziyanın
hesablanması üçün işçi qrupunun yaradıldığını və ilkin
hesablamalara görə bu ziyanın 100 milyardlarla ABŞ dolları həcmində
olduğunu nəzərə çatdırıb.
Beynəlxalq Konfrans öz işini iyunun 15-də
yekunlaşdıracaq.