Xarkova gedənlərə xoş xəbər
15 İyun 2014 21:18 (UTC+04:00)
İyun ayının 21-də Xarkov şəhərindən Bakıya yeni
təyyarə reysi açılacaq.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu
haqda Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayət
təşkilatının sədri Qurban Abbasov xəbər yayıb.
O bildirib ki, Xarkov vilayətində yaşayan
azərbaycanlıların çoxsaylı müraciətinə əsasən açılan Xarkov-Bakı,
Bakı-Xarkov təyyarə reysini "Dniproavia" kompaniyası həyata
keçirəcək.
Qurban Abbasov əlavə edib ki, yay mövsümündə belə
bir təyyarə reysinin açılması vilayətdə yaşayan 40 minə yaxın
azərbaycanlının, xüsusən də bu şəhərdə təhsil alan minlərlə
azərbaycanlı tələbənin vətənə gediş-gəlişinin asanlaşdırılmasında
mühüm rol oynayacaq.
"Dniproavia" şirkətinin kommersiya direktoru
Sergey Pasılayevin verdiyi məlumata görə, Xarkov-Bakı təyyarə reysi
ilkin olaraq uçuşlarını iyun ayının 21-dən başlayaraq hər həftənin
ikinci və 6-cı günləri yerli saatla 14-40-da həyata
keçirəcək.
"Biletin qiyməti sərnişinlərin istəyinə uyğundur.
Belə ki, Kiyevdən Bakıya ikitərəfli uçuşun qiyməti 600 ABŞ dolları
olduğu təqdirdə, Xarkov-Bakı, Bakı-Xarkov reysinin qiyməti 400
dollar təşkil edəcək. "Dniproavia" kompaniyası əlavə olaraq 12
yaşından 24 yaşına, o cümlədən 60 yaşından yuxarı olan
sərnişinlərini də güzəştli biletləri ilə sevindirəcək.
Sərnişinlərin tələbini öyrənən "Dniproavia" kompaniyası gələcəkdə
Azərbaycanın digər şəhərlərinə də uçuşlar etmək niyyətindədir.
Xarkov-Bakı təyyarə reysinə bilet almaq istəyən sərnişinlər
dniproavia.com saytına və istənilən avia bilet satışı
agentliklərinə müraciət etməklə kompaniyanın xitmətlərindən
yararlana bilərlər", - deyə "Dniproavia" şirkətinin kommersiya
direktoru bildirib.
Qeyd edək ki, "Dniproavia" şirkəti may ayının
19-da Dnepropetrovsk şəhərindən Bakiya ilk uğurlu uçuşunu həyata
keçirib.