YAP-ın təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
16 İyun 2014 00:03 (UTC+04:00)
Şamaxıda, "Şamaxı Palace" otelində Yeni Azərbaycan
Partiyasının təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə
həsr olunmuş tədbir keçirilib.
Movqe.az Trend-ə istinadən xəbər verir ki,
tədbirdə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli
Məclisin deputatları, YAP fəalları iştirak
etmişdir.
Tarixi bayram münasibətilə konfrans
iştirakçılarını təbrik edən Azərbaycan Respublikası Baş nazirin
müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 15 iyun
tarixinin xalqımızın və dövlətimizin həyatında əhəmiyyətindən bəhs
edərək bildirmişdir ki, Milli Qurtuluş Azərbaycanın yeni mərhələdə
milli dövlət quruculuğunun ideya əsası kimi çıxış edir. Əli Əhmədov
demişdir ki, Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa
edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində
atılan addımların qurtuluş məfkurəsinə istinad etməsi heç də
təsadüfi deyil. Bu, Azərbaycanda 1990-cı illərin əvvəllərində
yaranmış tarixi şəraitdə milli dövlət quruculuğunun üzləşdiyi
spesifik xüsusiyyətlərlə və tarixi şərtlərlə bilavasitə əlaqədar
idi.
Əli Əhmədov bildirmişdir ki, Azərbaycanın müasir
tarixi Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra
başlamışdır. Məhz Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası
nəticəsində Azərbaycanın təhlükələrdən qurtulduğunu qeyd edən YAP
Sədrinin müavini, 15 iyun tarixinin Azərbaycan tarixində tutduğu
yerdən danışmış və qeyd etmişdir ki, bu gün xalqımızın taleyində
dönüş anı olmuşdur. Ümummilli lider Heydər Əliyevin xalqımızın
təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi
anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi
tənəzzüldən, beynəlxalq təcriddən xilas etmişdir.Onun sözlərinə
görə, bu qayıdış ölkəni ağır durumdan xilas etməklə yanaşı, müasir
inkişafımızın, rifahımızın təminatı olmuşdur. Ölkədə sabitliyin
bərqərar olunması ilə bütün sahələrdə uğurlu islahatlar həyata
keçirilmiş, iqtisadi tənəzzülün qarşısı alınmışdır. Ümummilli
liderin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində möhkəm
təməli olan müasir Azərbaycan cəmiyyəti qurulmuşdur. Milli Qurtuluş
günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin
rəhnidir. Ulu öndərin işləyib hazırladığı müstəqil dövlət
quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının
bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş
uğurların əsasını qoymuşdur.
Hazırda Azərbaycanın sürətli və dinamik
inkişafının məhz Qurtuluş günü ilə başlamasını bir daha vurğulayan
Əli Əhmədov, Heydər Əliyev siyasətinin bu gün Prezident İlham
Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə
çatdırmışdır. Natiq qeyd etmişdir ki, bu gün Azərbaycanın bütün
dünya tərəfindən etiraf olunan dinamik inkişafı ilk növbədə
vətəndaşlarımızın maddi-rifah halının yaxşılaşmasına xidmət edir,
paytaxtla bərabər regionlar da sürətli tərəqqi yolu ilə inamla
addımlayır. Azərbaycanın regionun ən güclü dövlətlərindən biri
olduğunu vurğulayan Əli Əhmədov qeyd etmişdir ki, insanların
ölkəsinə, dövlətinə, Prezidentinə inamı artmışdır. O bildirmişdir
ki, tədbirin Şamaxıda keçirilməsi Qurtuluşun Azərbaycanın
regionlarına da müsbət təsirini ifadə etməkdir: "Bu gün Bakı şəhəri
ilə yanaşı bölgələrimiz də sürətlə inkişaf edir. Ümumilikdə,
ölkəmizdə insanların layiqli həyat şəraitinin təmin olunması üçün
bütün işlər görülür".
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar
siyasət komitəsinin sədri Eldar İbrahimov 15 İyun - Milli Qurtuluş
gününün mahiyyəti, onun müstəqil Azərbaycan dövlətinin
formalaşmasında və inkişafında rolu barədə geniş danışmışdır.
E.İbrahimov böyük qayıdışı doğuran səbəbləri, həmin vaxt cərəyan
edən hadisələrin siyasi mahiyyətini açmışdır. Vurğulamışdır ki,
Heydər Əliyev öz liderlik keyfiyyətləri ilə dünyanın siyasi
elitasının ən uca zirvəsində duran nəhəng şəxsiyyətlərdəndir. Bu
zirvədən bütöv bir xalqın - Azərbaycan xalqının dünəni, bu günü və
sabahı görünür. Bu dahi şəxsiyyətin fəaliyyətinin hər səhifəsi
Azərbaycanın son yarıməsrlik tarixinin mərhələləri ilə üst-üstə
düşür. Ona görə də ən yeni tariximizi Ümummilli lider Heydər
Əliyevdən ayrı təsəvvür etmək mümkün deyildir.
Milli Qurtuluş günündən sonra ümummilli lider
Heydər Əliyevin hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu
yolunu tutmasından, buna qədər Naxçıvanda Ali Məclisin sədri
olarkən həyata keçirdiyi islahatlardan danışan komitə sədri
bildirmişdir ki, Ulu öndər demokratik Azərbaycanın gələcək inkişaf
istiqamətlərinin əsasını məhz bu qədim torpağımızda
başlamışdır.
Tədbirdə daha sonra Milli Məclisin Elm və təhsil
komitəsinin sədri Şəmsəddin Hacıyev, YAP Siyasi Şurasının üzvü,
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və
Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı Asif Məmmədov çıxış
etmişdir. Bildirilmişdir ki, 21 il bundan əvvəl bugünkü
əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar
göstərərək Ulu öndər Azərbaycan xalqının təkidli tələbi ilə
hakimiyyətə gəldi və demək olar ki parçalanmış, bölünmüş
Azərbaycanın xilaskarı oldu. Çıxışlarda bu gün Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələri faktlarla
diqqətə çatdırılmışdır.
Tədbirin sonunda Azərbaycan Respublikası Baş
nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bir
daha çıxış edərək Qurtuluş gününün müasir Azərbaycan tarixində
əhəmiyyətindən bəhs etmiş, eyni zamanda partiya fəaliyyəti ilə
bağlı öz tövsiyyələrini vermişdir.