Köhnə maşınların ehtiyat hissələri bahalaşır

17 İyun 2014 11:41 (UTC+04:00)

Xaricdən avtomobil idxalına məlum məhdudiyyətlərin tətbiqindən sonra Bakıdakı avtomobillərin ehtiyat hissələri bazarında bahalaşma müşahidə olunur. Söhbət köhnə sayılan avtomobillərin ehtiyat hissələrindən gedir.   Sürücülər arasında "ölüxana" adı ilə tanınan bazarlarda da xaricdən gətirilən ehtiyat hissələrlə yanaşı, qəza nəticəsində yararsız vəziyyətə düşmüş avtomobillərdən sökülmüş avadanlıqların da qiyməti qalxıb. Bu isə bazarda alıcılıq qabiliyyətini xeyli zəiflədib. Qeyd edək ki, bahalaşma ən çox yapon və alman istehsalı maşın ehtiyat hissələrində müşahidə olunur. Bununla yanaşı, sürücülər əksər ehtiyat hissələrinin yeniləri olmadığından onların işlənmişlərini almaq məcburiyyətində qalırlar. Bəzən də ehtiyat hissələrin yenilərinin bahalığı, yaxud keyfiyyətsizliyi ucbatından sürücülər işlənmiş olsa belə orijinal hissələri alırlar.

Nəqliyyat məsələləri üzrə ekspert Seymur Yunusov Mövqe.az-za bildirib ki, bahalaşma ikinci əl avtomobillərin ehtiyat hissələrinin qiymətlərində yaşanır: "Bu da onunla bağlıdır ki, adətən avtomobil xaricdən alıb gətirilir, sonradan burda sökülürdü və  bazarda hissələr şəklində satılırdı. İndi  isə ölkəyə  ikinci əl avtomobillər gətirilmədiyindən qıtlıq yaranıb və nəticədə  qiymətlər yüksəlib. Nəzərə almaq lazımdır ki, Azərbaycanda utilizasiyaya verilən maşınlar da çox azdır. Hətta yox səviyyəsindədir. Ona görə də, ikinci əl avtomobil ehtiyat hissələri bahalaşıb. Yeni avtomobillərin ehtiyat hissələrində isə, düşünmürəm ki hansısa bahalaşma müşahidə olunsun".  

Digər nəqliyyat üzrə eksperti Məzahir Rüstəmov də Movqe.az-a bahalaşmanı şərtləndirən amillərlə bağlı fikirlərini açıqlayıb. Məzahir Rüstəmovun sözlərinə görə,  ehtiyat hissələrinin qiymətinin artmasına səbəb ölkədə işlənmiş avtomobillərin qiymətinin qalxmasıdır: "Azərbaycanda "Avro-4" standartına keçiddən sonra ölkəyə 2005-ci ilə kimi istehsal olunan avtomobillərin girişi yasaq olundu. Bundan sonra ölkə daxilində 2005-ci ilə kimi olan maşınların sayında qıtlıq yarandı. Bununla əlaqədar olaraq bu avtomobillərin qiymətləndirilməsi də yüksəlməyə başladı. Çünki hər bir halda əhali arasında alıcılıq qiymətləri avtomatik halda tənzimlənir. İnsanlar çalışır ki, daha sərfəli qiymətə maşın alsınlar. Bu da ki nə qədər qalxırsa qalxsın, təzə gətirilən maşınlara nisbətən qiyməti aşağı olan işlənmiş avtomobillər olur. Hansı ki ölkə daxilində istifadədə olunurlar. Yəni, tələbat var. Ona görə də qiymətlərdə nisbətən  yüksəlmə müşahidə olunub. Ehtiyat hissələrinin bahalaşması köhnə maşınlarının özünün qiymət artımı ilə bağlıdır. Çünki ehtiyat hissələrinin ölkəyə gətirilməsinə heç bir qadağa qoyulmayb ki, qiymət artımı buna görə olsun. Sadəcə olaraq, sırf bu maşınların ölkəyə girişi qadağan olunduğuna görə, maşınların qiyməti qalxır və ehtiyat hissələri də ona uyğun olaraq yüksəlir. İldən-ilə bu maşınların istismar müddəti bitdikcə, ölkədə köhnə maşınların sayı azaldıqca, onların qiymətlərinin daha da artması da gözləniləndir".