Yol polisi Elnarənin avtomobilini əlindən aldı - video
17 İyun 2014 16:28 (UTC+04:00)
Yol polisi Azərbaycanın tanınmış müğənnilərindən
birinin avtomobilini yol verdiyi qanun pozuntusuna görə saxlayaraq
"cərimə meydançası"na aparıb.
Movqe.az-ın Trendə istinadən məlumatına
görə, Azərbaycanın tanınmış müğənnisi Elnarə Xəlilovanın idarə
etdiyi "Jeep Wrangler" markalı avtomobil yol polisi əməkdaşları
tərəfindən saxlanılaraq mühafizə olunan dayanacağa
aparılıb.
Belə ki, paytaxtda quraşdırılmış müşahidə
kameralarının yaddaşına həkk olunmuş görüntülərdən də görünür ki,
müğəninin paytaxtın küçələrində idarə etdiyi avtomobilin ön
hissəsindəki dövlət nömrə nişanın yerinə kustar üsulla hazırlanmış,
qeyri-standart və üzərində müğənninin adı yazılmış lövhə
yapışdırılıb.
Video görüntülürdən görünür ki, "ELNARƏ" löhvəli
avtomobili idarə edən müğənni Bakının Əzizbəyov heykəli
yaxınlığındakı ərazidə yolla hərəkətdə olarkən yol hərəkəti
qaydalarını pozur, daha sonra müşahidə kameralarına əl də edərək
"salam" göndərir.
Lakin bir neçə dəqiqədən sonra müğənninin
avtomobili yol polisi əməkdaşları tərəfindən paytaxtın "Azneft"
meydanı ərazisində saxlanılır. Polis tərəfindən faktla bağlı
yerindəcə fotomaterial hazırlanır və yol verilmiş qanun pozuntusuna
görə sürücü barəsində inzibati protokol tərtib
edilir.
Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş
Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər
ki, görüntülərdəki 2013-cü il modelli "Jeep Wrangler" markalı, 99
FB 078 dövlət nömrə nişanlı avtomobil 2 gün əvvəl yol polisi
əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil Bakı şəhəri, Binəqədi
rayonunda qeydiyyatda olan Xəlilova Elnarə Sabit qızının adınadır
və hazırda İdarənin mühafizə olunan dayanacağında
saxlanılır.
İdarənin İctimai qurumlarla əlaqə bölməsinin
rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məsələ ilə bağlı
Trend-ə bildirib ki, kimliyindən asılı olmayaraq sürücülərin belə
əməllləri yolverilməzdir:
"Avtomobilin dövlət nömrə nişanının gizlədilməsi
və yaxud yerindən çıxarılıb ön şüşənin üzərində aparılması
qanunvericiliyin tələbinin pozulması deməkdir. Nəqliyyat vasitəsi
mütləq dövlət nömrə nişanları ilə idarə edilməlidir və bütün
hallarda, hava şəraitindən asılı olmayaraq, nömrənin görünməsi
təmin edilməlidir. Əks halda, kimliyindən asılı olmayaraq,
qanunvericiliyin bu tələblərini pozan şəxslərə qarşı müvafiq cəza
tədbirləri görülür. Bu halda da kadrlardan göründüyü kimi Elnarə
xanım Xəlilova avtomobilin dövlət nömrə nişanın üzərini kustar
üsulla hazırlanmış və üzərində öz adı yazılmış lövhə ilə örtüb.
Belə hallar yolverilməzdir. Məhz ona görə də, həmin avtomobil
saxlanılaraq müvəqqəti mühafizə olunan dayanacağa
yerləşdirilib".