Zakir Həsənov NATO Parlament Assambleyası Prezidentini qəbul edib

17 İyun 2014 22:04 (UTC+04:00)

Müdafiə naziri Zakir Həsənov NATO Parlament Assambleyasının Prezidenti Hüqh Bayleyi (Böyük Britaniya) qəbul edib. 


Nazirlikdən Anspress-ə verilən məlumata görə, bölgədəki hərbi-siyasi vəziyyət barədə NATO PA prezidentinə məlumat verən Zakir Həsənov bildirib ki, Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, bunun nəticəsində sülh prosesinin yubanması və danışıqların qəsdən uzadılması regiondakı şəraitə mənfi təsir göstərir.


Müdafiə naziri son zamanlar cəbhə bölgəsində baş verən atəşkəs rejiminin pozulması hallarının artmasını xüsusi qeyd edərək, bu təxribatların erməni silahlı bölmələri tərəfindən törədilməsinə diqqəti yönəldib. 


Bakıda keçirilən NATO Parlament Assambleyasının "Rose-Roth" seminarında iştirak edən cənab Hüqh Bayley öz növbəsində qəbul və onu maraqlandıran məsələlər barədə ətraflı məlumatlandırıldığı üçün Müdafiə nazirinə təşəkkürünü bildirib, regiondakı sülhün bərqərar olması üçün səylərin daha da artırılmasının vacibliyini vurğulayıb.


Daha sonra görüşdə regional məsələlər, Azərbaycan-NATO ikitərəfli əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.