Erməni deputat: “Ermənistanın müharibə etməyə nə arzusu, nə də gücü var”

18 İyun 2014 13:47 (UTC+04:00)

Koryun Naqapetyan: "Mən acizanə sürətdə xahiş edirəm. Biz bura gəlmişik ki, daha müharibə olmasın"


NATO Parlament Assambleyasının Bakıda keçirilən "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı "Rose-Roth" seminarında iştirak edən Ermənistan nümayəndə heyətinin rəhbəri Azərbaycan tərəfinə müraciət edib.

 

APA-nın məlumatına görə, Koryun Naqapetyan Azərbaycan nümayəndə heyətindən xahiş edib ki, bütün hallarda erməniləri işğalçı adlandırmasınlar: "Mən acizanə sürətdə xahiş edirəm. Biz bura gəlmişik ki, daha müharibə olmasın. Müharibə istəmirik. Ermənistanın müharibəyə nə arzusu, nə də gücü var".

 

Erməni deputat Azərbaycanla bütün hallarda dil tapmağın tərəfdarı olduğunu söyləyib. Seminarın aparıcısı tərəfindən mövzuya qayıtmağa dəvət olunan erməni deputat çıxışını kəsərək rəhbərlik etdiyi nümayəndə heyəti ilə qısa məsləhətləşmə aparıb. Bunda sonra digər erməni deputat Tevan Poqosyan seminarın aparıcısı Oyars Eriks Kalninsa yaxınlaşıb və söhbət etməyə başlayıb. Söhbət bitdikdən sonra O. E. Kalnins bildirib ki, Ermənistan nümayəndə heyəti şəxsən özlərinin Azərbaycana qarşı heç bir iradlarının olmadığını, onların işğalçı kimi dəyərləndirilməməsini və mövqelərinin Azərbaycana qarşı ittiham dolu mövqe kimi qəbul olunmamasını xahiş edirlər: "Onlar bunun üçün bəyanat verməyə hazır olduqlarını da bildirirlər".