Qafqaz Universitetinin taleyi ilə bağlı rektordan açıqlama-Özəl

19 İyun 2014 09:58 (UTC+04:00)
"Qafqaz Universiteti"nin rektoru Ahmed Sanıç universitetin bağlanması ilə bağlı yayılan söz-söhbətlərə Movqe.az vasitəsilə aydınlıq gətirib. Universitetin rektoru Movqe.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yaydığı məlumatdan hər şey aydındır: "ARDNŞ-nın açıqladığı məlumatda bu sualın cavabı var. Ordan hər şey aydın görünür ki, qərar "Araz Kursları" və ümumtəhsil məktəbləri ilə bağlıdır. Yəni Qafqaz Universitetinin orada adı hallanmır".
Movqe.az-ın "Qafqaz universiteti" bu il qəbulu davam etdirəcəkmi sualını A. Sanıç cavabsız qoyub.
Universitetin prorektoru Natiq Paşa isə Movqe.az-ın bu sualını belə cavablandırıb: " Siz görmüsünüz ki, "Qafqaz Universtetinin"nin adı bu ilki abituriyent jurnalında qəbul aparacaq özəl ali təhsil müəssisələri arasındadır. Ona görə də, universitetə tələbə qəbulu davam etdiriləcək. Həmçinin ARDNŞ-nın qərarında ali məktəb qeyd olunmadığından narahatçılığa da əsas yoxdur. Valideynlər də narahat olmasınlar".