Suraxanı rayonu Heydər Əliyev Mərkəzində “Gəncliyimizi qoruyaq” adlı tədbir keçirilib

19 İyun 2014 17:58 (UTC+04:00)

19 iyun 2014-cü il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi narkomaniyaya qarşı mübarizə həftəsi çərçivəsində "Gəncliyimizi qoruyaq" adlı maarifləndirici tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin direktoru Arzu Nağıyev bildirmişdir ki, narkomaniya bəşəriyyətin ən qorxulu bəlasıdır. Bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. Narkotikdən asılılıq narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yaranır. Narkomanlıq insanı fiziki və ruhi cəhətdən şikəst edir, onun ömrünü qısaldır.

Diskusiya şəklində keçirilən tədbirdə çıxış edən Suraxanı Rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd etmişdir ki, narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə istiqamətində dünyanın bir çox ölkəsində qeyri-hökümət təşkilatları minlərlə proqramlar təşkil edir, qəzetlərdə hər gün onlarca məqalələr, xəbərlər yayımlanır və minlərlə internet saytı mövcud narkomaniyadan asılı olmağın fəlakətini izah edən məlumatlar yayır. Lakin bu qədər fəaliyyətə baxmayaraq narkomaniyanın yaşı get-gedə daha da cavanlaşır və hər gün yüzlərlə gənc bu səbəbdən həyatını itirir. 

Məhz bu amilləri nəzərə alan ölkə rəhbəri möhtərəm Prezidentimiz  cənab İlham Əliyev "Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət proqramı (2013-2018-ci illər)"nın təsdiq edilməsi haqqında Sərancam imzalamışdır. Bu mühüm Dövlət proqramının icrası ilə əlaqədar  Suraxanı rayonunda müxtəlif tədbirlər həyata keçirilir, əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə silsilə tədbirlərin keçirilməsini təşkil edilir.

 Narkotik vasitələrin daşınmasının qarşısını almaq üçün rayonun hüquq-mühafizə orqanları davamlı işlər aparır. Rayon İcra Hakimiyyəti problemin ciddiliyini nəzərə alaraq rayonun hüquq-mühafizə orqanları, əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə müxtəlif layihə, tədbir və aksiyalar həyata keçirir.

Tədbirdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşı Qiyam Quliyev, 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimi Aslan Abdullayev çıxış edərək narkomaniyanın törətdiyi fəsadlar, ağ ölüm kimi ifadə olunan bu ümumbəşəri bəlanın cəmiyyət üçün nə dərəcədə faciə olduğunu gənclərə izah etmişlər. Gənclərin diqqətinə çatdırılmışdır ki, narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdır, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır və cinayətkarlığın artmasına səbəb olur. 

Sonda  tədbir iştirakçılarına  mövzuya aid bukletlər paylanmışdır.