Ziyafət Əsgərov: “Yığışırlar, şərab içirlər, bizə isə deyirlər ki...”

20 İyun 2014 14:15 (UTC+04:00)

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən NATO seminarı ilə bağlı fikirlərini açıqlayıb. 

Movqe.az-ın xəbərinə görə, vitse spiker qeyd edib ki, beynəlxalq hüquq böyük dövlətlər üçün əyləncədir:


"Seminarda azərbaycanlı deputatların əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri açıqlamaqdan ibarət olub. Fikrimcə, buna müəyyən qədər nail ola bildik. İkinci məqsəd Azərbaycanın Avroatlantik məkanda əhəmiyyətini vurğulamaqdan ibarət idi və bu məsələ də geniş şəkildə müzakirə olunub. Üçüncüsü, dünyada izlənilən münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli barədə idi. Beynəlxalq hüquq çox dərin böhrandadır. Heç onun qapısını döyən də yoxdur, kimin problemini həll edir? BMT onu idarə edən dövlətlərin çubuğu ilə kimlərinsə problemini həll edir. Amma obyektivlik istəyən kimsə ora müraciət etmir. Beynəlxalq hüququ bir sıra dövlətlərin əlində məşğulliyət, əyləncədir, kiçik dövlətlər üçün məhdudiyyət. Böyük dövlətlər yığışırlar, şərab içirlər, özlərini məşğul olurlar, bizə isə deyirlər ki, beynəlxalq hüquq sizin üçün yaradılıb". 


Vitse-spiker bildirib ki, Metyu Brayza onunla söhbətində ikili standartların olduğunu təsdiqləyib: "Deməli, biz bu reallığı nəzərə alıb, işləməliyik. Hər kəs özü öz qayğısına qalmalıdır. Bəli, bu məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Amma özümüzü də gücləndirməliyik. Prezident, dövlətçilik ətrafında birləşib problemlərimizin həllinə çalışmalıyıq".