3 ildir ki, həyatını bu maşında keçirən Gülhəsən
Kərimovun bəxti heç də adına uyğun deyil.
Movqe.az ANS TV-ə istinadən xəbər verir ki,
Gülhəsən Kərimov elə yeniyetmə dövründən enişli-yoxuşlu taleyilə
mübarizə aparmağa başlayıb. Nə yazıq ki, bugünkü vəziyyəti onun
məğlubiyyətinə sübutdur. O, danışıq qabiliyyətini itirdiyi üçün heç
bir cümləsini tamamlaya bilmirdi. Ancaq ona kömək edən qonşuların
dediyinə görə, vaxtilə Gülhəsən anasını söydüyü üçün öz doğma
qardaşını öldürüb. Və bu səbəbdən həyatının çox hissəsini dəmir
barmaqlıqlar arasında keçirməli olub. Həbsdən sonra isə cəmiyyətə
adaptasiya problemi onu tərk etməyib. Bir qədər tikintidə fəhlə
işləsə də içkiyə qurşanan müsahibim sonda bu vəziyyətə
düşüb.
Dimitri deyir ki, dəfələrlə evimə aparıb onu hər
bir şəraitlə təmin etmişəm. Amma o, 2-3 gün sonra yenidən bura
qayıdıb. Bir neçə dəfə də bacısı gəlib onu evlərinə aparıb. Ancaq
bu da müvəqqəti xarakter daşıyıb. Qışda isə ayaqlarını don vurduğu
üçün çürümə prosesi getməyə başlayıb. Qonşuların müraciətilə ayaq
barmağı kəsilərək çürümənin qarşısı alınıb.
Hər halda onu tək buraxmayanlar var. O,
iradəsizliyin qurbanına çevrilib. Yenə də tənhalığa və qəm ortağı
olan içkiyə üstünlük verib. Amma razılaşın ki, bu vəziyyətdə
Qarabağ əlilinin küçələrdə qalması da ürəkaçan hal
deyil.