Balıq yeyən hörümçəklər çoxalıb (FOTO, VİDEO)

21 İyun 2014 12:03 (UTC+04:00)
Araşdırmaçılar balıqla qidalanan hörümçək sayında çoxalma müşahidə olunduğunu bildiriblər. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu istiqamətdə aparılan araşdırmanın nəticələri İsveçrədə nəşr olunan "Plos One" dərgisində yayılıb. Məlumata görə, bu buğumayaqlılar özlərindən çox böyük olan balıqları öldürə bilmək üçün güclü zəhərdən istifadə edirlər. 

Araşdırmada bu növə aid 5 hörümçəyin təbii həyatda kiçik balıqları yedikləri, daha 3 növün isə laboratoriyada balıq ovladıqları müşahidə olunub. 

Bu növ hörümçəklər dayaz suların, gölməçələrin və ya bataqlıqların sahilində yaşayır. 

Bəzi hörümçəklər üzməyi, suya baş vurmağı və suyun səthində gəzməyi bacarır. Amma ümumilikdə özlərindən böyük balıqları öldürə bilən və həzm edə bilən güclü neyrotoksinlərə və fermetlərə sahibdirlər. 

Balıqla qidalanan hörümçəklərin yaşaması üçün qütblərin xaricində bütün planet əlverişli olsa da onlara daha çox Şimali Amerikanın Florida əyalətində təsadüf olunur. 

Bu hörümçəklər yaxaladıqları balığı yemək üçün quruda bir yerə çəkilirlər və onların kiçik bir balığı yeməsi bəzən saatlarla davam edə bilər.