Qara Qarayevin xatirəsi Moskvada əbədiləşdi (FOTO)
21 İyun 2014 13:16 (UTC+04:00)
Moskvada böyük Azərbaycan bəstəkarı, Sosialist
Əməyi Qəhrəmanı, SSRİ Xalr Artisti Qara Qarayevin xatirə lövhəsinin
təntənəli açılışı mərasimi olub.
Movqe.az Azərtac-a istinadən xəbər verir ki ,
Moskvanın Tryoxprudnı döngəsində bəstəkarın yaşayıb yaratdığı evi
bəzəyən xatirə lövhəsinin müəllifləri azərbaycanlı heykəltəraş
Hüseyn Haqverdi və arxitektor Pyotr Kozlovdur.
Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri
Polad Bülbüloğlu çıxış edərək deyib ki, bu mənim üçün xüsusilə
əlamətdar bir gündür. Hər şeydən əvvəl ona görə ki, Qara Qarayev
mənim müəllimi olub.
"Bir müəllim kimi mənim musiqi həyatıma yol açmış
bu bəstəkarın işıqlı xatirəsi həmişə qəlbimdə yaşayacaqdır. Sovet
İttifaqında onun qazanmadığı fəxri ad qalmayıb. Bununla belə Qara
Qarayev həmişə çox ciddi və diqqətli bir insan olaraq qalıb. O, bu
gün bütün dünyada məşhur olan Azərbaycan bəstəkarlarının bütöv bir
nəslini yetişdirib. Xoşbəxtəm ki, müəllimimin yaşadığı evdə onun
xatirə lövhəsi məhz mənim səfir işlədiyim bir zamanda
açılır".
Səfir qeyd edib ki, bütün sahələrdə, o cümlədən
mədəniyyət sahəsində Azərbaycan ilə Rusiya arasında əlaqələr
möhkəmlənməkdə və genişlənməkdədir.
Moskva Mədəniyyət Departamentinin rəhbəri Sergey
Kapkov Moskva meri Sergey Sobyaninin təbrik mətubunu oxuyub.
Məktubda deyilir: "Bu gün Moskvada daha bir görkəmli Azərbaycan
bəstəkarının adı əbədiləşdirildi. Bizə çox xoşdur ki, xatirə
lövhəsi Moskvanın belə bir tarixi yerində açılır, axı Azərbaycan
ilə Rusiya arasında çoxəsrlik səmərəli münasibətlər mövcuddur.
Moskvadakı Azərbaycan diasporu millətlərarası münasibətlərin və
dostluq münasibətlərinin inkişaf etdirilməsində bizim böyük
tərəfdaşımızdır".
S.Sobyanin həmçinin qeyd edib ki, artıq 36 ildir,
Moskvada Qara Qarayev adına musiqi məktəbi fəaliyyət
göstərir.
Rusiya Federasiyası (RF) mədəniyyət nazirinin
müavini Nikolay Malakov çıxış edərək xatırladıb ki, bir gün Rusiya
Mədəniyyət Nazirliyi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi
arasında əməkdaşlıq proqramı imzalanıb. O, qeyd edib ki, Qara
Qarayevin xatirə lövhəsinin açılışı əlamətdar
hadisədir.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev böyük Azərbaycan bəstəkarının xatirə lövhəsinin qoyulmasına
göstərdikləri köməyə görə Moskva hökumətinə və RF Mədəniyyət
Nazirliyinə Azərbaycan Prezidenti İlham Əliyevin təşəkkürünü
çatdırıb.
"Bir neçə ay bundan əvvəl Bakıda Qara Qarayevin
abidəsinin açılışı olub. Bu, Qara Qarayevin yaradıcılığına, qədim
vətənimizin mədəniyyətinə olan ehtiramın
təzahürüdür".
Ə.Qarayev humanitar sahədə Azərbaycan ilə Rusiya
arasındakı sıx əməkdaşlıqdan danışaraq bildirib ki, son əsrlərdə
iki xalqa məxsus mədəni əlaqələr inkişaf etmiş və qarşılıqlı
surətdə zənginləşib.
"Çox istərdik ki, Azərbaycanda dahi rus
bəstəkarlarının musiqisinin səsləndirildiyi kimi Rusiya
səhnələrində də Qara Qarayevin və digər Azərbaycan bəstəkarlarının
musiqisi daha tez-tez səsləndirilsin".
RF Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyinin
İşləri və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid
Slutski iştirak edənlərin hamısını ürəkdən təbrik
edib.
"Bu, təkcə sarsılmaz dostluğumuz üçün deyil, həm
də bütün mədəniyyət aləmi üçün əlamətdar
hadisədir".
Mərasimdə SSRİ xalq artistləri dirijor Vladimir
Fedoseyev, Boris Akimov və başqaları çıxış
ediblər.
Görkəmli bəstəkarın oğlu, Çaykovski adına Moskva
Dövlət Konservatoriyasının professoru, Əməkdar İncəsənət Xadimi,
bəstəkar Fərəc Qarayev atasının xatirəsinə göstərilən diqqətə görə
ailəsi adından təşəkkür edib.
Açılış mərasimində Azərbaycan baş nazirinin
birinci müavini Yaqub Eyyubov, Rusiyanın tanınmış siyasi və ictimai
xadimləri, mədəniyyət və incəsənət xadimləri, Azərbaycanın RF-dəki
səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya
nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlıları Konqresinin, Rusiya
Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri, jurnalistlər iştirak
ediblər.