“Google” qızlara diqqəti artırır
22 İyun 2014 13:06 (UTC+04:00)
"Google" şirkəti qızların proqramlaşdırma işlərinə
cəlb olunması üçün "Made with Code" (kodla hazırlanıb) layihəsini
istifadəyə verib. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki ,
bu barədə RİTN-in rəsmi saytında deyilir.
Layihə proqramlaşdırmanı öyrətməklə yanaşı, ona
marağı cəlb etmək və proqram kodla işləmək bacarığının necə faydalı
olmasını göstərmək məqsədi daşıyır. İştirakçılara "3D" qolbaq,
"GIF" formatında animasiyalı təsvirlər, "Google Blockly" vizual
proqramlaşdırma dili ilə elektron musiqi yaratmaq təklif
olunur.
Şirkətin rəsmi bloqunda proqramlaşdırma
bacarığından öz peşə fəaliyyətində istifadə edən qadınlar haqqında
videoçarx da dərc edilib. "Google" qeyd edir ki, bu bacarıqlar bu
gün təkcə texnoloji şirkətdə çalışmaq üçün deyil, həm də dizayn,
tibb, arxitektura və musiqi kimi digər əksər sahələrdə çalışmaq
üçün lazımdır.
Layihədə "Google" ilə yanaşı, "Girls Inc.", "Girl
Scouts of the USA" təşkilatları və Massaçusets Texnoloji İnstitutu
(MIT), "Milli qadın və informasiya texnologiyaları mərkəzi",
"TechCrunch" saytı və s. iştirak edir. İştirakçılar məktəbli və
tələbələrdə proqramlaşdırmaya marağı artıran proqrama 50 milyon
dollar investisiya yatırmağı planlaşdırırlar. Həmçinin qızları
informasiya texnologiyalı kurslarını keçməyə sövq edən müəllimlərin
mükafatlandırılması nəzərdə tutulur.
Qeyd edək ki, üç həftə əvvəl "Google" şirkət
kollektivinin gender və milli mənsubiyyəti haqqında ilk hesabatını
dərc edib. Hesabatdan məlum olub ki, şirkətdə çalışanların 70 faizi
kişilər, 61 faizi qadınlardır. Bu, "Google"un ünvanına bir sıra
təşkilatlar tərəfindən çoxlu tənqidlərə səbəb olub.