Movqe.az ANS TV-ə istinadən xəbər verir ki,
Tatarıstanda fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni
Muxtariyyəti bu ili "Xocalı ili" elan edib. Əvvəlki illərdən fərqli
olaraq bu il Azərbaycanın tarixinə qara hərflərlə yazılan Xocalı
faciəsi barədə bir neçə bədii və sənədli filmin nümayişi nəzərdə
tutulur.
Muxtariyyətin sədri Sübhan Əhədzadənin sözlərinə
görə, faciə barədə nümayiş olunan filmlər arasında əsas yeri
rejissor Vahid Mustafayevin "Xoca" filmi tutur. "Xoca filminin
surəti çıxarılaraq Tatarıstanın bir neçə dövlət orqanına
göndərilib.
"Tariximizin unudulmaması üçün "Xoca" filmini
onlara verdik. Onlar da bunu yaxşı qəbul etdilər, obyektiv
yanaşdılar və bizə Xocalı soyqırımının açıq şəkildə keçirilməsinə
razılıq verdilər", - deyə Sübhan Əhədzadə
bildirib.
Azərbaycan diasporunun ağsaqqalları filmin
Tatarıstanın bütün televiziya kanallarında nümayişi ilə bağlı
müraciət ediblər. "Xoca" filmi ilkin olaraq faciənin 22-ci
ildönümündə nümayiş olunub. Bundan başqa "Xoca" filmi dünyanın bir
neçə ölkəsində də nümayiş olunub.
Bu il fevralın 26-da Tatarıstanın Kazan şəhərində
"Mir" kinoteatrında nümayiş olunan film 300-ə yaxın tamaşaçı
toplaya bilib.
Film tamaşaçılar üçün pulsuz nümayiş etdirilir.
Həmçinin, kinoteatrda filmi izləməyə gələnlərə əlavə olaraq
"Xoca"nın 400-ə yaxın diski paylanılıb. Filmin nümayişindən əvvəl
azərbaycanlı tələbələr tərəfindən tamaşaçılara faciə ilə bağlı
bukletlər paylanılıb, soyqırım barədə geniş məlumat
verilib.
Kinoteatrın inzibatçısı İrina Korolyova bildirib
ki, çox böyük izdiham vardı. Seans bir gün olduğuna görə kinoya
baxa bilməyənlər də oldu. Filmə tamaşa edənlər isə razı
qaldılar.
Yazıçı-şair İsax Dağlı dedi ki, hamı zaldan böyük
coşqu və göz yaşı ilə çıxdı, çünki bu elə bir faciədir ki, bunu
rahat buraxıb getmək olmur.
"Mir" kinoteatrında oktyabrda keçirilməsi nəzərdə
tutulan Azərbaycan filmləri həftəliyinə də "Xoca" bədii filminin
adı salınıb. Filmə sadə insanlarla yanaşı rəsmi dairələrdən olanlar
da baxacaqlar.
Qeyd edək ki, "Xoca" Qarabağ münaqişəsi barədə
həqiqətlərin dünyaya çatdırılmasında müstəsna rol oynayıb. Film
Böyük Britaniya, Hollandiya və bir sıra digər Avropa ölkələrində,
MDB dövlətlərində nümayiş etdirilib. Film bir neçə Beynəlxalq
festivalda iştirak edib.
"Xoca" Azərbaycanda son 20 ilin ən çox tamaşaçı
toplayan filmi olub.