Azərbaycanda məktəbli qızların abort macəraları
23 İyun 2014 00:01 (UTC+04:00)
Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutu
yeni rəqəmlər açıqlayıb. Movqe.az tibb.az-a istinadən xəbə verir ki
, İnstitutun elmi katibi Leyla Məmmədova bildirib ki, 20 yaşa qədər
qadınların hamiləliklərinin 13 faizi, 20-24 yaşlı qadınların
hamiləliklərinin 28 faizi, 25-34 yaşlı qadınların hamiləliklərinin
58 faizi, 35-44 yaşlı qadınların hamiləliklərinin 75 faizi süni
abortla başa çatır.
2011-ci ildə Azərbaycan üzrə yeniyetmə qadınlar arasında edilən
abortların sayı 1204 olub. Onlardan 15-17 yaş arası 135 nəfər,
18-19 yaş arası isə 1069 nəfərdir.
Hər 1000 yeniyetməyə abort göstəricisi isə 15-19 yaş 2,9 faiz,
15-17 yaş 0,6 faiz, 18-19 yaş 6,1 faizdir. Ümumiyyətlə, hamiləlik
zamanı itkilərin əksəriyyəti süni abortlar - 40.9 faiz, daha sonra
uşaqsalma 6 faiz və ölü doğuş 0.4 faiz nəticəsində baş verir.
Leyla Məmmədova əlavə edib ki, 2000-ci ildə Azərbaycanda ümumi
abortların sayı 17 min 500 idisə, 2012-ci ildə artıq bu göstərici
31 min olub.
Statistikada əsas diqqəti çəkən məqam yetkinlik yaşına çatmayan
15-17 yaş arası 135 nəfərin abort olunmasıdır.
"Bu, elə böyük rəqəm deyil, amma..."
"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki,
135 rəqəmi yalnız rəsmən qeydə alınmış abortları göstərir: "Elə
UNİCEF-in hesabatında Azərbaycanda 5 min erkən nikah faktının qeydə
alındığı bildirilib. Erkən nikahlardakı abort ayrıca araşdırmaya
ehtiyac olan məsələdir.
İkincisi, zorlanmadan sonra aborta müraciət edənlər olur. Üçüncü
kateqoriya seks xidməti göstərən gənc xanımlardır ki, onların da
aborta müraciət etməsi barədə kifayət qədər fakt var. Hesab edirəm
ki, erkən seksual münasibətlərdən yaranan abortlar bu siyahıda
üstünlük təşkil edir. 135 nəfər isə elə böyük rəqəm deyil, amma
bunun hansı hədəf qruplarından olması araşdırılmalıdır.
"Polisə məlumat verilir"
7 saylı qadın məsləhətxanasının baş həkimi Südabə İsmayılova deyir
ki, onlara müraciət edənlər arasında yetkinlik yaşına çatmayanlar
nadir hallarda olur, bu isə qadının orqanizmi ilə bağlı məsələdir.
Yəni bu məsələdə qeyri-adilik axtarmaq lazım deyil: "Ola bilər,
səhhətində hansısa problemi var, buna görə abort məcburiyyəti
yaranır. Ekstrogenetal xəstəlik, sosial problemlər üzündən də belə
abort etdirənlər az deyil. Nikah yaşına çatmayanlar arasında
hamiləlik təsadüfi hadisə sayılmamalıdır. Elə olur ki, toy edirlər,
amma gənclərin yaşı qanunvericiliyə uyğun olduqdan sonra münasibət
rəsmiləşdirilir".
Südabə İsmayılova belə olanda azyaşlı qadınların hamilə qalmasını
və ya abort etdirməsini normal hesab edir: "Azyaşlıların abortu
məsələsində vətəndaş nikahında olanları da nəzərə almaq
lazımdır".
Baş həkim bu məsələdə psixoloji məqamları da nəzərə almağı vacib
sayır: "Yəni bu qadınların yaşının az olması o demək deyil ki,
onlar hamısı təsadüfi cinsi əlaqədən hamilə qalıblar. Məsələn,
azyaşlı ana olmağa hazırlaşanları çox vaxt anası, qaynanası, qohumu
gətirir. Çünki onların icazəsi lazımdı. Bu çox ciddi məsələdir,
sonrakı məsuliyyət var.
Azyaşlı pasientlər haqqında isə polis orqanlarına müraciət edilir,
sonrakı mərhələ ilə məsləhətxananın hüquqşünası məşğul olur".
Cinayət var, cəza yoxdur
5 saylı hüquq məsləhətxanasının hüquqşünası Səfa Məmmədova deyir
ki, istər ailə qurmuş olsun, istərsə də təsadüfi cinsi əlaqə, fərqi
yoxdur, hər bir halda yetkinlik yaşına çatmayanla cinsi əlaqəyə
girən şəxs cinayət məsuliyyəti daşıyır: "Cinayət Məcəlləsinin
152-ci maddəsinə görə, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olan
və ya seksual xarakterli digər hərəkətlər edən şəxs üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır".
Son vaxtlar belə hadisələrin çoxalması səbəbindən həmin maddənin
birinci və ikinci bəndinə dəyişiklik edilməsi, cəzanın
sərtləşdirilıməsi nəzərdə tutulur. Hüquqşünas deyir ki, dəyişikliyə
əsasən, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq
etməklə, yaxud zor tətbiq etmə hədəsi ilə, eləcə də zərərçəkmiş
şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə
olma 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə ilə
cəzalandırılacaq.